×
A
A
A
Sazlamalar

Sentyabrın 29-u Ümumdünya Ürək Günüdür

Bakı, 29 sentyabr, AZƏRTAC

1999-cu ildən Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə Ümumdünya Ürək Günü keçirilir.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı, UNESCO və digər mühüm təşkilatlar həmin təşəbbüsü dəstəkləyiblər. Əvvəlcə onu sentyabrın son bazar günü qeyd edirdilər, 2011-ci ildən isə sentyabrın 29-da keçirirlər.
Ürək bütün orqanizmin işini təmin edən, onun sağlamlığı və normal fəaliyyəti üçün çox vacib orqanlardan biridir. Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Ümumdünya Ürək Federasiyası 100-dən çox ölkədə keçirilən tədbirlər ürək-damar xəstəliklərinin epidemiyası təhlükəsini ictimaiyyətə çatdırmaq və məlumatlandırmaq, bu sahədə profilaktika işlərinin genişləndirilməsi məqsədi daşıyır.
Hazırda bütün dünyada insan orqanizminə çox böyük zərbə vuran işemik xəstəliklər, baş beyin insultları və infarktlar son dərəcə geniş yayılıb. Ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəbi olaraq qalır. Hər il dünyada 17 milyondan çox insan ürək-damar xəstəlikləri səbəbindən vəfat edir. Həmin xəstəliklərin yaranması əsasən yüksək təzyiq, qanda xolesterin və qlükozanın qeyri-stabil səviyyədə olması, qidalanma zamanı təbii mənşəli vitaminlərin azlığı, piylənmə və ekoloji vəziyyətin pisləşməsi ilə əlaqələndirilir.
Yeri gəlmişkən, ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxaran səbəb uşaq və yeniyetmə yaşında formalaşan qeyri-sağlam həyat tərzidir. Ona görə də xəstəliyin profilaktikasına uşaq vaxtlarından başlamaq lazımdır.
Ümumdünya Ürək Federasiyasının məlumatına görə, sağlam həyat tərzi keçirmək, tütün istifadəsini məhdudlaşdırmaq, qidalanmanı nəzarətdə saxlamaq və fiziki fəallığı artırmaq hesabına infarkt və insult nəticəsində baş verən erkən ölümlərin 80 faizinin qarşısını almaq olar.

Səhiyyə 2020-09-29 12:18:00