×
A
A
A
Sazlamalar

Avstraliya azərbaycanlıları Ermənistan ordusunun törətdiyi son təxribatla bağlı bu ölkənin Baş Nazirinə müraciət ünvanlayıblar

Kamberra, 29 sentyabr, AZƏRTAC

Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) Ermənistan ordusunun sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı növbəti təxribatı barədə bu ölkənin Baş Naziri Skott Morrisona müraciət ünvanlayıblar.
Bu barədə AZƏRTAC-ın Avstraliyadakı xüsusi müxbirinə AAA-nın sədri Mikayıl Oyta məlumat verib.
Müraciətin mətnində cari il iyulun 12-də Ermənistan ordusunun Azərbaycanın Avropanın enerji təchizatında mühüm rol oynayan neft və qaz boru kəmərlərinin keçdiyi Tovuz rayonu istiqamətində törətdiyi təxribat xatırladılır. Qeyd edilir ki, işğalçı siyasətini davam etdirən Ermənistan sentyabrın 27-də yenidən genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə Azərbaycanın Naftalan şəhərinin yaxınlığında yerləşən Qaşaltı kəndində beş nəfərdən ibarət ailənin bütün üzvləri həlak olub. Bu, 1949-cu il Cenevrə konvensiyasının və tərəflər arasında 1994-cü ildə əldə olunmuş atəşkəs rejiminin kəskin pozulmasıdır. Buna cavab olaraq Azərbaycan Ordusu mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücuma keçib.
Müraciətdə bir sıra dövlətlərin son vaxtlar Ermənistanı yeni silahlarla təmin etməsinə, bu yolla onun müharibəyə qızışdırılmasına da diqqət yönəldilib. Bu təcavüzkar ölkəyə tonlarla silah və hərbi-silah göndərdildiyi qeyd edilib.
Hazırda Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində bir neçə yaşayış məntəqəsinin və strateji yüksəkliyin işğalçılardan azad edildiyi barədə məlumat da müraciətdə öz əksini tapıb. Qeyd edilib ki, bu, uzun illərdir ata-baba yurdlarından didərgin düşmüş azərbaycanlıların doğma evlərinə qayıtmasına şərait yaradacaq. Ona görə də Avstraliya Azərbaycanlıları Assosiasiyası doğma torpaqların azad olunması üçün başlanmış bu əməliyyatları tam dəstəkləyir.
Müraciətdə Azərbaycanın uzun illər ərzində münaqişənin sülh yolu ilə, diplomatik danışıqlar vasitəsilə həllinə çalışdığına da diqqət çəkilir. Lakin Ermənistanın işğal altında saxladığı torpaqları xoşluqla tərk etmək niyyətində olmadığı vurğulanır.
Qeyd edilir ki, yaranmış şəraitdə bütün məsuliyyət işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bəyanatın sonunda AAA Avstraliya hökumətini və parlamentini Azərbaycan torpaqlarında ədalətin bərpa olunmasına, xalqımızın haqq işində ona dəstək verməyə çağırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kamberra

Siyasət 2020-09-29 09:23:00