Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Astronomlar Qız bürcündə rekord səviyyədə parlaqlığa malik qədim qalaktika tapıblar

Bakı, 29 sentyabr, AZƏRTAC

Astronomlar Qız bürcündə qədim qalaktika tapıblar. BOSS-EUVLG1 qalaktikasında ifrat kütləli qara dəlik “yatsa” da, qalaktikanın özü ultrabənövşəyi diapazonda parlaq işıq saçır. Tədqiqatın nəticələri “Monthly Notices of the Royal Astronomical Society Letters” nəşrində yer alıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatın müəlliflərindən biri, Kanar Astrofizika İnstitutunun əməkdaşı İsmael Peres-Fournonun fikrincə, həmin qalaktikada ulduzlar böyük sürətlə yaranır. Bu sürət Süd Yolu qalaktikasındakı müvafiq proseslərlə müqayisədə də çox yüksəkdir. Bunu ən parlaq infraqırmızı qalaktikalarda ulduzların tez yanıb-sönməsi ilə müqayisə etmək olar. Lakin BOSS-EUVLG1 qalaktikasında ulduzların ultrabənövşəyi parlaqlığı da müşahidə edilib; onlarda, demək olar, toz yoxdur.
Alimlər hesab edirlər ki, bütün qalaktikaların mərkəzində bir və ya bir neçə ifrat kütləli qara dəlik olur. Bir neçə yaxın qalaktikada bu qəbildən olan obyektlərin çoxu – alimlər onları kvazar adlandırır – daim materiyanı cəzb edir və udur, sonra onu çox isti, dar və parlaq tullantı formasında buraxır.
Digər tərəfdən, bir çox qalaktikalarda, o cümlədən Süd Yolunda “yatmış” vəziyyətdə olan ifrat kütləli qara dəliklər ciddi fəallıq əlaməti göstərmir. Yerdən böyük məsafədə yerləşmiş belə qalaktikalar radiodalğalar və rentgen rəsədxanaları istisna olmaqla, teleskopdan görünmür.
Astronomlar Böyük partlayışdan 1,5-2,5 milyard il sonra mövcud olmuş, böyük miqdarda ultrabənövşəyi və yüksək enerjinin digər formalarını hasil etmiş yeddi qalaktika aşkarlayıblar. Onlar əvvəlcə həmin qalaktikaların hər birinin mərkəzində aktiv və parlaq kvazarlar olduğunu düşünüblər. Astronomlar Kanar adalarında quraşdırılmış GTC teleskopu ilə müşahidələr aparanda məlum olub ki, BOSS-EUVLG1 adını almış obyektdə ifrat kütləli aktiv qara dəlik yoxdur. Qalaktikanın bütün ultrabənövşəyi parlaqlığı hidrogen və heliumdan ibarət cavan və böyük ulduzların fəallığı sayəsində yaranır.
Alimlərin hesablamalarına görə, bu qalaktikada müvafiq parlaqlığı saxlamaq üçün hər il məcmu kütləsi Günəşdən azı min dəfə çox olan yeni ulduzlar yaranmalıdır. Bu da BOSS-EUVLG1-i Kainatın sürətlə böyüyən və aktiv qalaktikalarından birinə çevirir. Obyekt nəhəng qalaktikaların yaranmasının ilk mərhələsidir. Müvafiq mərhələ kosmik hesablamalara görə böyük deyil: bir neçə milyon ildir. Həmin vaxt ərzində nəhəng ulduzların yaranması və məhv olması səbəbindən böyük miqdarda toz yaranır ki, bu da qalaktikaları optik teleskoplardan gizlədir. Ona görə də astronomlar BOSS-EUVLG1 analoqlarını əvvəllər görə bilməyiblər.

Texnologiya 2020-09-29 09:02:00