×
A
A
A
Sazlamalar

Ağdaşda payızlıq əkinlərə hazırlıq işləri uğurla aparılır

Ağdaş, 28 sentyabr, AZƏRTAC

Ağdaş rayonunda payızlıq əkinlərə ciddi hazırlıq işləri görülür.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, gələn ilin məhsulu üçün 17 min hektarda payızlıq əkin aparılacağı gözlənilir. Belə ki, yay şumu çıxarılır, toxum tədarük olunur, səpin aqreqatları hazır vəziyyətə gətirilir. Artıq 12 min hektarda şum qaldırılıb. Hər gün sahələrə 100-dən çox şum traktoru çıxarılır. Səpin üçün 30 aqreqat hazırlanıb. 1200 ton birinci və ikinci reproduksiyalı toxum tədarük olunub.
Hazırda bütün bölgələrdə, xüsusilə daha çox taxıl əkiləcək Ərəbocaq, Yuxarı Nemətabad, Yuxarı Ağcayazı, Ərəb, Birinci Aral və digər bir sıra ərazi dairələrində payız əkininin optimal müddətdə və keyfiyyətlə başa çatdırılması üçün ciddi səy göstərilir.

Kənd təsərrüfatı 2020-09-28 18:03:00