×
A
A
A
Sazlamalar

İndoneziya mətbuatında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı barədə məqalələr dərc olunub

Cakarta, 28 sentyabr, AZƏRTAC

İndoneziya mətbuatı da sentyabrın 27-də səhər saatlarında Ermənistan ordusunun Dağlıq Qarabağ regionunda Azərbaycana qarşı növbəti təxribatı və ordumuzun cavab tədbiri olaraq əks-hücuma keçməsi barədə məlumatlar yayıb.
AZƏRTAC xəbər verir ki, İndoneziyanın ANTARA agentliyi, “Republika” nəşri, “jpnn.com”, “sinarharapan.co”, “kupang.tribunnews.com”, “viva.co.ıd” saytları və digər KİV-ləri vəziyyətin çox gərgin olduğunu yazıblar.
İndoneziyanın ANTARA dövlət informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində Ermənistan ordusunun bazar günü səhər saatlarından başlanan hərbi təxribatı ilə əlaqədar sərt xəbərdarlıqla çıxış etməsinə xüsusi diqqət yönəldib. Azərbaycan Prezidentinin “Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır” sözləri sitat gətirilib.
Bildirilib ki, Prezident İlham Əliyev müraciətində Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən Azərbaycanın yaşayış məntəqələrinə və hərbi obyektlərinə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan atəş açdığını deyib.
“Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin”, – deyə Azərbaycan Prezidenti bildirib.
Şəhidlərin qanının yerdə qalmayacağını vurğulayan dövlətimizin başçısı Azərbaycan Ordusunun erməni silahlılarına qarşı cavab tədbirləri gördüyünü, düşmənin bir çox hərbi texnikasının məhv edildiyini vurğulayıb.
“Bu, erməni faşizminin növbəti təzahürüdür”, - deyə Azərbaycan Prezidenti bəyan edib.
Ermənistanın bu hücumla yanaşı, işğal altındakı torpaqlarda qeyri-qanuni məskunlaşdırma aparması da yazıda əksini tapıb.
Məqalədə cari ilin iyulunda erməni əsgərlərinin Azərbaycan Silahlı Qüvvələrini artilleriya atəşinə tutduğu, nəticədə hərbçilərin, həmçinin bir yaşlı mülki vətəndaşın öldürüldüyü də qeyd edilib.
İndoneziyalı oxuculara münaqişənin tarixi barədə də geniş məlumat verilib. Qeyd edilib ki, tarixi torpağımız olan və bu gün beynəlxalq ictimaiyyətin Azərbaycanın tərkib hissəsi kimi tanıdığı Dağlıq Qarabağ regionu 1991-ci ildən sonra işğal edilib. BMT Təhlükəsizlik Şurasının dörd, Baş Assambleyasının iki qətnaməsinə, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmaq istəmir.
Bildirilir ki, münaqişənin sülh yolu ilə həlli üçün 1992-ci ildə Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə yaradılan ATƏT-in Minsk qrupunun cəhdlərinə baxmayaraq, bu istiqamətdə heç bir nəticə əldə edilməyib.
Məqalələrdə Azərbaycan Müdafiə Nazirliyinə istinadla cəbhədəki son vəziyyət və erməni təxribatları barədə məlumatlara da geniş yer verilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta

Siyasət 2020-09-28 16:47:00