×
A
A
A
Sazlamalar

Qanunsuz ov edən şəxslər cərimələniblər

Bakı, 28 sentyabr, AZƏRTAC 

Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının sentyabrın 24-dən sentyabrın 26-dək keçirdikləri növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz rayonunu əhatə edən hissəsində, Mingəçevir su anbarında və digər su hövzələrində qanunsuz ov edən şəxslər saxlanılıb.
Bunu AZƏRTAC-a xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.
O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakinləri Kərim Kərimzadə, Taleh Mahmudov, Elnur Cabbarov, Çingiz Quliyev, Mingəçevir şəhər sakinləri Qələndər Atakişiyev, İlqar Məhərrəmov, Elxan Şərifov, Rövşən Məmmədov, Xaçmaz rayon sakini Asif Musayev, Beyləqan rayon sakini Ayət Sarıyev olduğu məlum olub. Onlardan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb.
Faktla bağlı 9 qanun pozucusu barəsində protokol tərtib edilib və hər biri 700 manat məbləğində cərimələnib. Təbiətə 2376 manat məbləğində ziyan vurmuş qanun pozucusu Ayət Sarıyevin isə əməlində cinayət tərkibi yarandığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Ekologiya 2020-09-28 16:33:00