×
A
A
A
Sazlamalar

Məktəbəhazırlıq qruplarının müəllimləri üçün onlayn təlimlərə başlanılıb

Bakı, 28 sentyabr, AZƏRTAC

2020-2021-ci tədris ilində Bakı şəhərindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlimlərə start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar onlayn şəkildə keçirilən “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimlər Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən reallaşdırılır. Təlimlərin monitorinqi və qiymətləndirilməsi isə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən aparılır.
Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdan ibarətdir. Təlimlərdə paytaxt üzrə məktəbəhazırlıq qruplarında məşğələ keçəcək 1000-ə yaxın ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, ixtisasartırma təlimlərinin müdavimlərinə Təhsil İnstitutu tərəfindən təşkil ediləcək yekun qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq sertifikatlar veriləcək. Həmin müəllimlər məktəbəhazırlıq qruplarında məşğələlər keçəcəklər.

Elm və təhsil 2020-09-28 16:13:00