×
A
A
A
Sazlamalar

Onlayn tədbir: Azərbaycanda kənd turizminin inkişaf trendləri

Bakı, 28 sentyabr, AZƏRTAC 

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Ümumdünya Turizm Günü: Azərbaycanda kənd turizminin inkişaf trendləri” mövzusunda onlayn tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyi ilə reallaşdırılıb. Tədbiri rektor İlham Mədətov açaraq turizm təhsilində keyfiyyətin təmin olunması, ATMU-da həyata keçirilən təhsil siyasəti, universitetin əldə etdiyi uğurlar, kənd turizminin inkişafı üçün bu ali məktəbdə kadrlar yetişdirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Rektor universitetin həyata keçirdiyi təhsil siyasətinin əsas istiqamətlərindən birinin məzunlarla iş olduğunu vurğulayıb, ATMU-nun onların kənd turizmi sahəsində əmək fəaliyyətini dəstəklədiyini bildirib.
Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin nümayəndəsi Könül Nuriyeva təmsil etdiyi qurum tərəfindən fermer təsərrüfatlarının kənd turizminə töhfəsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
ATMU-nun Mehmanxana və restoran biznesi kafedrasının müəllimi Bahar Qəniyeva kənd turizminin iqtisadiyyata təsiri, regional marketinq və mövqeyin idarə olunması, yerli əhalinin turizmə dəstəyi, universitetin təhsil və təlim proqramlarının təşkilində rolu və yeri haqqında məlumat verib.
Şəki Destinasiya Menecmenti Təşkilatının direktoru, həmçinin universitetin məzunu Səbinə Yadullayeva isə COVID-19 pandemiyası dövründə Şəki-Zaqatala regionunda görülən işlərdən, Qax rayonunun Ləkit kəndində yerləşən Mamırlı şəlalədəki təmizlik işlərində turizm könüllülərinin fəaliyyətindən və Ümumdünya Turizm Günü münasibətilə həyata keçirilən tədbirlərdən bəhs edib.
Tədbirdə çıxış edən Etibar Nuriyev və Rəftarə Şükürova rəhbərlik etdikləri təsərrüfatlardan, onların kənd turizminin inkişafındakı rolundan, universitet tələbələrinin bu təsərrüfatlarda təcrübə və təlimlərə cəlb edilməsi imkanlarından danışıblar.

Elm və təhsil 2020-09-28 15:33:00