×
A
A
A
Sazlamalar

Hulusi Akar: Biz doğma torpaqlarını qorumaqda azərbaycanlı qardaşlarımızın yanındayıq VİDEO

İstanbul, 28 sentyabr, AZƏRTAC

Ermənistan hücumları dərhal dayandırmalı, xaricdən gətirdiyi muzdluları, terrorçuları geri göndərməlidir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın cəbhə xəttində törətdiyi genişmiqyaslı təxribatlarla bağlı açıqlamasında bildirib.
Nazir deyib: “Sülh yolu ilə həllə çağırış edənlər, “dərhal atəşkəs” istəyənlər, dialoqu indi xatırlayanlar, Azərbaycan ərazisinin 20 faizinin, o cümlədən Dağlıq Qarabağ işğal altında olarkən, Xocalıda minlərlə günahsız insan vəhşicəsinə, haqq-hüquq tanımadan uşaq, qadın və yaşlı demədən qətlə yetirilərkən, 30 ildir milyonlarla insanın evindən, yurdundan didərgin düşərkən harada idilər? Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər “bir millət, iki dövlət” prinsipinə əsaslanır. Kədərdə də, sevincdə də daim bərabərik. Bu gün doğma torpaqlarını qorumaqda azərbaycanlı qardaşlarımızın yanındayıq. Ermənistan dərhal hücumları dayandırmalı, xaricdən gətirdiyi muzdluları, terrorçuları geri göndərməli və Azərbaycanın işğal edilmiş torpaqlarını boşaltmalıdır. Beləliklə, atəşkəs, sülh və sabitlik təmin edilməlidir”.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Siyasət 2020-09-28 15:18:00

Video