×
A
A
A
Sazlamalar

Milli Məclis Sədrinin müavini Adil Əliyev: Zəfər bizimdir!

Bakı, 28 sentyabr, AZƏRTAC

Ermənistan tərəfinin sentyabrın 27-dən başlayaraq həyata keçirdiyi növbəti təxribatın qarşısı Milli Ordumuz tərəfindən qətiyyətlə alındı və düşmənə əks hücumda ciddi zərbə vuruldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclis Sədrinin müavini Adil Əliyev söyləyib.
O qeyd edib ki, Ermənistan tərəfinin törətdiyi təxribatlar zamanı əsas hədəfləri mülki vətəndaşlar və onların yaşadıqları evlər olub. Bu, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş bütün prinsiplərinin pozulmasıdır. Düşmənin bu dəfə törətdiyi təxribat yenidən onu deməyə əsas verir ki, Ermənistan tərəfi bu təxribata uzun müddət idi hazırlaşırdı.
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının 75-ci sessiyasında çıxışı zamanı bir daha vurğuladı ki, Ermənistan işğalçı dövlətdir, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri bu vaxta qədər icra etmir və hazırda silah-sursat tədarükü həyata keçirir.
Son xəbərdarlıqdan sonra düşmən növbəti dəfə təxribata cəhd edərkən artıq döyüş əmri verildi. Ermənistan tərəfinin təxribat törətməkdə əsas hədəfi cəmiyyətdə çaşqınlıq yaratmaqdır. Onlar düşünmürlər ki, Azərbaycan xalqı Prezidentinə, Ordusuna güvənir və öz torpaqları uğrunda döyüşə hər an hazırdır.
Bu gün Azərbaycan Ordusunda çox yüksək əhval-ruhiyyə var. Şanlı Ordumuz zəfərdən-zəfərə doğru inamla irəliləyir. Əhali arasında da ruh yüksəkliyi müşahidə edilir. Hazırda hər kəs Ordumuzun yanındadır, kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının ürəyi ordu ilə döyünür, hamı bir nəfər kimi Azərbaycan əsgərinə dəstək olmağı özünə müqəddəs amal bilir.
Bu gün Azərbaycan Ordusu bütün növ müasir silah və sursatla təmin edilib, tam komplektləşdirilib. Cəbhədəki əsgərlərimizlə yanaşı, sayca ermənilərdən dəfələrlə çox olan Azərbaycan xalqı hər an döyüşə getməyə hazırdır. Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölmələrinə vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər edilir.
Ali Baş Komandan dediyi kimi, bizim başqasının torpağında gözümüz yoxdur. Hazırda aparılan döyüş isə Azərbaycanın haqq döyüşüdür, ədalətsizliyə, təcavüzə qarşı apardığı döyüşdür.
Şanlı Ordumuz bizi hər an öz qalibiyyət xəbərləri ilə sevindirməkdə davam edir. Düşmənin öz itkiləri ilə bağlı real rəqəmləri gizlətməsinə baxmayaraq, açıqladıqları rəqəmlər belə onların məğlubiyyətini bir daha göstərir.
Yalnız sentyabrın 27-də həyata keçirilən əməliyyatlar zamanı 7 yaşayış məntəqəsi və 2 yüksəklik düşməndən azad edilib. Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi əməliyyat nəticəsində Murov zirvəsinin, işğal olunmuş ərazilərimizi Ermənistanla birləşdirən hərbi əhəmiyyətli avtomobil yolunun azad edilməsi, vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülməsi qeyd olunan ərazilərdə düşmənin hərəkət etməsinin qarşısını almağa imkan yaradır.
Talış kəndi ətrafındakı yüksəkliklərin işğaldan azad edilməsi ilə əlaqədar paylaşılan məlumatlardan görünür ki, düşmənə çox ağır zərbələr vurulmaqdadır. Ərazilərimizin işğaldan azad olunması uğrunda əməliyyatlar davam edir.
Sədr müavini bildirib: “Əldə olunmuş uğurlar, işğaldan azad edilən ərazilərimiz, Ordumuzun şücaəti və göstərdiyi qəhrəmanlıqlar, xalqımızda Ali Baş Komandana və Ordumuza olan inam bir daha onu deməyə əsas verir ki, zəfər bizimlədir! Tezliklə bütün xalqımız böyük Qələbəni bayram edəcək!
Yaşa, Azərbaycan Ordusu! Yaşa Azərbaycan əsgəri!”

Siyasət 2020-09-28 15:00:00