×
A
A
A
Sazlamalar

Avstriya Azərbaycanlıları Cəmiyyəti Ermənistanın ölkəmizə qarşı təxribatları ilə bağlı bəyanat yayıb

Vyana, 28 sentyabr, AZƏRTAC

İşğalçı Ermənistan ordusunun cəbhəboyu yaşayış məntəqələrini ağır artilleriya qurğularından istifadə etməklə hədəfə alması, hərbçilər və mülki əhali arasındakı itkilər soydaşlarımızın hiddət və qəzəbinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Avstriyada fəaliyyət göstərən Avstriya Azərbaycanlıları Cəmiyyətinin Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti və son günlərdə törədilən təxribatlarla bağlı bəyanatında yer alıb.
Avstriya Parlamenti və əyalət parlamentlərinə, eləcə də bu ölkədə fəaliyyətdə olan beynəlxalq təşkilat, səfirlik və konsulluqlara ünvanlanan bəyanatda qeyd edilib ki, Ermənistan növbəti dəfə beynəlxalq hüquq və prinsipləri, BMT və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymadan təcavüzü davam etdirir, Azərbaycanın mülki əhali, obyekt və infrastrukturunu atəş altında saxlayır. Həmçinin bildirilib ki, Ermənistan Livan, Suriya və digər ölkələrdən terrorçuları Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməklə öz çirkin əməllərini davam etdirir.
Beynəlxalq ictimaiyyətə də müraciətin əks olunduğu bəyanatda erməni təcavüzünə son qoyulması və Azərbaycan torpaqlarından geri çəkilməsinin təmin edilməsi ilə bağlı çağırış edilib”.


Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana 

Diaspor 2020-09-28 13:58:00