×
A
A
A
Sazlamalar

Emin Həsənli: Xalqımızın ürəyi Azərbaycan əsgəri ilə döyünür

Bakı, 28 sentyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC 

Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribatlar törədərək Ağdam, Füzuli, Cəbrayıl, Tərtər istiqamətlərində ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və Ordumuzun mövqelərini atəşə tutub, nəticədə mülki əhaliyə böyük ziyan dəyib. Azərbaycan Ordusu bütün cəbhəboyu əks-hücuma keçərək Ermənistan ordusuna layiqli cavab verib.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
E.Həsənli bildirib ki, xalqımız bu günü çoxdan gözləyirdi. Azərbaycanın güclü ordusu və qətiyyətli, uzaqgörən, müdrik Ali Baş Komandanı var. Prezident İlham Əliyev xalqa müraciətində vəziyyəti ətraflı təhlil etdi. Dövlətimizin başçısı Ermənistanın xüsusən son illər törətdiyi təxribatları diqqətə çatdıraraq bildirdi ki, işğalçı ölkə danışıqlardan yayınır. Azərbaycan xalqı iki əsrdir erməni təcavüzündən, milliyyətçiliyindən, terrorundan və işğalından əziyyət çəkir. Artıq Azərbaycan Ordusu, xalqı, dövləti buna son qoymağın vaxtının çatdığını düşmənə göstərdi. Qələbə Azərbaycanındır. Bütün Azərbaycan xalqı vahid bayraq altında birləşib, vətəndaşlarımız Ordumuzun yanındadır. Biz böyük tarixi anlar yaşayırıq”.
“Yaxın günlərdə bizə böyük qələbəni görmək qismət olacaq. Xalqımız həmrəydir, gənclərimiz, ehtiyatda olan döyüşçülərin hamısı bir bayraq altında, vahid amal uğrunda sıx birləşib. Xalqımızın ürəyi Azərbaycan əsgəri ilə döyünür. Bir fikrimiz, bir amalımız var: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bunu bizdən şəhidlərimizin ruhu tələb edir. Biz Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyik. Yalnız bundan sonra şəhidlərimizin ruhu şad olacaq”, - deyə Emin Həsənli bildirib.

Ordu 2020-09-28 02:04:00