×
A
A
A
Sazlamalar

İkinci Xəzər İqtisadi Forumuna hazırlıq və Forumun keçirilməsi üzrə Təşkilat Komitəsinin iclası olub

Moskva, 26 sentyabr, AZƏRTAC 

Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikovun sədrliyi ilə İkinci Xəzər İqtisadi Forumuna hazırlıq və Forumun keçirilməsi üzrə Təşkilat Komitəsinin iclası olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, iclasın gedişində tədbirə hazırlıq və onun keçirilməsi üzrə təşkilati plan təsdiqlənib. Hazırlıq işləri Rusiyanın İqtisadi İnkişaf nazirinin birinci müavini Mixail Babiçin rəhbərliyi ilə aparılır. Nazir müavini qeyd edib ki, inzibati müşayiətin daxil edildiyi hazırlıq hissəsi artıq sentyabrın axırında başa çatmalıdır.
Mixail Babiç vurğulayıb ki, iki gün ərzində keçiriləcək forum bir neçə diskussiya məkanını birləşdirəcək. Forumun tematikasına ənənəvi olaraq Xəzər beşliyi ölkələrinin ticari-iqtisadi əlaqələrinin inkişafı, nəqliyyat, infrastruktur, energetika və ekologiya sahəsində qarşılıqlı fəaliyyət məsələləri daxildir. Tədbirdə Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran nümayəndələri iştirak edəcək.
Maksim Reşetnikov deyib: “Forumun əsas məqsədi qarşılıqlı və sərbəst ticarətin inkişafına, habelə mövcud maneələrin aradan qaldırılmasına yardım göstərmək məqsədilə Xəzəryanı dövlətlərin biznes və hakimiyyət dairələri arasında dialoq qurmaqdan ibarətdir. Forum məkanında, həmçinin bir sıra beynəlxalq və dövlətlərarası sazişlərin bağlanması da planlaşdırılır”.
Təşkilat Komitəsinin növbəti iclası cari ilin dekabrına planlaşdırılıb.
Xatırladaq ki, Rusiya Hökumətinin qərarı ilə forumun keçirilməsi Həştərxandan Moskvaya dəyişdirilib və 2021-ci ilin avqustuna planlaşdırılıb.
Xəzər İqtisadi Forumunun keçirilməsi barədə qərar 2018-ci avqustun 12-də Qazaxıstanda, 5-ci Xəzər sammitində beş Xəzəryanı dövlətin rəhbərləri tərəfindən qəbul edilib. Birinci forum 2019-cu ildə Türkmənistanda təşkil olunub.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

İqtisadiyyat 2020-09-26 16:03:00