×
A
A
A
Sazlamalar

Biləsuvarda bostan sahəsinin hər hektarından 133.8 sentner məhsul yığılıb

Biləsuvar, 25 sentyabr, Mahir Babayev, AZƏRTAC

Biləsuvarda bostan məhsulları (qarpız, yemiş) yığımı davam edir. Məhsul istehsalçıları əkdikləri 68.5 hektar bostan sahəsinin 66.3 hektarından indiyədək 881.8 ton məhsul toplayıblar. Hər hektarın məhsuldarlığı 133 sentner olub.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, biləsuvarlı əkinçilərin bu mövsüm əkdikləri 68.5 hektar sahənin 40.5 hektarını qarpız, 28 hektarını isə yemiş sahəsi təşkil edib. Torpaq mülkiyyətçiləri əkdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiklərindən plantasiyalarda gözlənildiyindən də çox məhsul yetişib. Fermerlər indiyədək becərdikləri 40.5 qarpız sahəsinin 39.5 hektarından 526.4 ton, 28 hektar yemiş sahəsinin 26.8 hektarından isə 365.4 ton yemiş toplayıblar. Qarpız sahəsinin bir hektarının məhsuldarlığı 133.4, yemiş sahəsininki isə 132.6 sentner olub.
Tədarük olunan məhsul əsasən Bakı, Sumqayıt və digər iri şəhərlərin bazarlarına göndərilir.

Kənd təsərrüfatı 2020-09-25 11:01:00