×
A
A
A
Sazlamalar

Biləsuvar rayonunda qızını zəncirləyən ata barəsində cinayət işi yekunlaşdırılaraq məhkəməyə göndərilib

Bakı, 24 sentyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Biləsuvar rayonunun Zəhmətabad kənd sakini Adil Həbiyevin yaşadıqları evdə qızını zəncirlə bağlı vəziyyətdə saxlaması, habelə onu döyüb işgəncə verməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Biləsuvar Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla 1970-ci il təvəllüdlü Adil Həbiyevin doğma qızı 1989-cu il təvəllüdlü Bağdagül Həbiyevanın həyat tərzi ilə bağlı yaranmış narazılıqlara görə cari il aprelin 2-dən iyulun 9-dək Zəhmətabad kəndində yaşadıqları evdə zəncirlə bağlayıb qanunsuz azadlıqdan məhrum edərək sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Adil Həbiyev Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilib.

Hadisə 2020-09-24 15:21:00