×
A
A
A
Sazlamalar

Sığorta sahəsində yeni kadrların yetişdirilməsində dünya təcrübəsindən istifadə ediləcək

Bakı, 24 sentyabr, AZƏRTAC

Kadr potensialının formalaşdırılması və mütəxəssis hazırlıqlarının doğru təşkil olunması hər bir sektor və seqmentin inkişafını şərtləndirən başlıca nüanslardandır. Sığorta sahəsində də mütəxəssislərin hazırlanması və onların fəaliyyət keyfiyyətinin artırılması bütün zamanlar üçün prioritetdir. Bəs indiki məqamda bu hansı şəkildə həyata keçirilir?
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) AZƏRTAC-a bildirilib ki, bu gün ölkəmizdə heç bir ali təhsil müəssisəsində sığortanın tədrisini həyata keçirən ayrıca fakültələr fəaliyyət göstərmir. Doğrudur, əvvəlki illərdə bu kimi fakültələr bir qism universitetlərdə mövcud idi. Lakin sığorta təhsili verən fakültələrin fəaliyyətinin dayandırılması hələ də cavabsız sual olaraq qalır. Təbii olaraq bu hal sığorta sahəsində keyfiyyətli kadr hazırlıqları prosesinə öz mənfi təsirini göstərməkdədir. Hesab edirik ki, növbəti tədris ilindən sığorta təhsili ilə bağlı ayrıca fakültələrin fəaliyyətinin yenidən bərpası sektorun inkişafına əvəzsiz təkan vermiş olar.
“Azərbaycan Sığortaçılar Assosiasiyası Mərkəzi Bank ilə birlikdə sığorta sektorunun inkişafını stimullaşdıran, sığortaçıların maneəsiz fəaliyyətini təmin edən layihələrlə yanaşı, həm də lokal bazarda maarifləndirmə işlərinin həyata keçirilməsində maraqlıdır. Bu istiqamətdə növbəti mərhələ üçün nəzərdə tutulan layihələrin sığorta bazarına yeni və keyfiyyətli kadrların cəlb olunmasına müsbət töhfə verəcəyinə əminik. Sığortada yeni kadrların yetişdirilməsində yerli mütəxəssislərlə yanaşı, dünya təcrübəsindən də istifadə nəzərdə tutulur. Belə ki, xüsusilə Türkiyə sığorta sisteminin bu günədək qazanmış olduğu geniş təcrübənin yerli bazara inteqrasiyası münasib hesab olunur. Yeni mərhələdə Türkiyə sığortaçıları ilə qurulacaq qarşılıqlı əlaqələr lokal bazarın qlobal tendensiyalara cavab verəcəyi gerçəyi ilə yanaşı, həm də keyfiyyətli kadr hazırlıqlarına da müsbət təsirini göstərəcək”, - deyə ASA-dan bildirilib.

 

Maliyyə 2020-09-24 15:19:00