×
A
A
A
Sazlamalar

Vətəndaşsızlıq məsələləri ilə əlaqədar işçi qrupunun ilk iclası onlayn formatda keçirilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Fəaliyyəti Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən əlaqələndirilən Vətəndaşsızlıq məsələləri ilə əlaqədar işçi qrupunun ilk iclası sentyabrın 22-də onlayn formatda keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, İşçi qrupunun tərkibində Daxili İşlər Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, İnsan Hüquqları üzrə Müvəkkil (ombudsman) Aparatının və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyi təmsil olunur.
İlk iclasda çıxış edən Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbov Nazirlər Kabinetinin tapşırığına əsasən yaradılan İşçi qrupunun məqsədləri və vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı görülmüş işlərə dair məlumat verib. Rza Talıbov İşçi qrupunun ölkə üzrə vətəndaşsızlıq vəziyyətində olan şəxsləri aşkarlayaraq sənədləşdirmək üçün zəruri tədbirlər görəcəyinə əminliyini ifadə edib.
Onlayn tədbirdə, həmçinin BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsinin müdiri Oktavian Mohorea “Vətəndaşsızlıq” mövzusunda təqdimatla çıxış edib.
Daha sonra vətəndaşsızlıq hallarının aradan qaldırılması, habelə bu istiqamətdə məlumatlılığın artırılması üçün zəruri tədbirlər barədə müzakirələr aparılıb, İşçi qrupunun fəaliyyət qaydası layihəsinə baxılıb.

Sosial 2020-09-22 18:39:00