×
A
A
A
Sazlamalar

Baş ofisi Qahirədə yerləşəcək Şərqi Aralıq dənizi Qaz Forumu təsis edilib

Qahirə, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Misir, İsrail, İtaliya, İordaniya, Yunanıstan və Kiprin Enerji nazirləri regional təbii qaz bazarını möhkəmləndirəcək Şərqi Aralıq dənizi Qaz Forumunun təsis edilməsi barədə saziş imzalayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyi məlumat yayıb.
Virtual imzalama mərasimində qərara alınıb ki, təşkilatın baş ofisi Qahirə şəhərində yerləşsin. Nazirlərin videokonfrans vasitəsilə yayılan bəyanatlarında qeyd olunub ki, 2019-cu ildə forumun yaradılması barədə bəyannamə imzalanıb və aparılan danışıqlarda tərəfdaş ölkələr arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Eyni zamanda, Şərqi Aralıq dənizi regionunda yerləşən hər hansı ölkənin və ya beynəlxalq təşkilatın da bu təşkilatda üzv, yaxud müşahidəçi qismində iştirak edə biləcəyi bildirilib.
Nazirlər onu da bəyan ediblər ki, regionda sülhün və təhlükəsizliyin bərqərar olması enerji sahəsində əməkdaşlıq baxımından əhəmiyyətlidir. Bu kontekstdə yaxın vaxtlarda Türkiyə ilə Yunanıstan arasında dənizdə mübahisəli ərazilərə dair danışıqların nəticəsi vacibdir.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2020-09-22 18:40:00