×
A
A
A
Sazlamalar

Oğuzlu fermerlər emal məntəqələrinə 2200 tondan çox yaş tütün təhvil veriblər

Oğuz, 22 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Oğuz rayonunun təsərrüfatlarında 269 hektar sahədə tütün əkilib. Tütünün əkin sahəsi əvvəlki illə müqayisədə 2,4 dəfədən çox artırılıb. Cari mövsümdə sahələrə, əsasən “Virciniya botaniki” növlü tütün əkilib. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. Oğuzlu fermerlər mövsümün əvvəlindən indiyədək rayonda fəaliyyət göstərən emal məntəqələrinə 2 min 240 ton yaş tütün təhvil veriblər. İndiyədək bu emal məntəqələrində 224 ton quru tütün istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Hazırda rayonun Bucaq, Bayan və Sincan kəndlərində tütün emalı məntəqələri fəaliyyət göstərir. Bu məntəqələrdə, ümumilikdə, 78 tütünqurutma kamerası quraşdırılıb. Dərilmiş yaşıl tütün kütləsi sahələrdən birbaşa bu emal məntəqələrinə gətirilərək qurudulur və anbarlara yığılır.
Xatırladaq ki, keçən il oğuzlu fermerlər 110 hektar sahədən 215,6 ton quru tütün əldə ediblər.

Kənd təsərrüfatı 2020-09-22 16:06:00