×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Arian Bauer və əvvəlki rəhbəri Elena Aymone Sessera ilə görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbinə Əliyeva rəhbərlik etdiyi təsisatın beynəlxalq təşkilatlarla, o cümlədən BQXK və bu qurumun ölkəmizdəki nümayəndəliyi ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırıb.
Təsisatın fəaliyyəti haqqında qonağa geniş məlumat verən Müvəkkil COVID-19 pandemiyası səbəbindən quruma müraciətlərin elektron formada, “qaynar xətt” və sosial şəbəkələr vasitəsilə qəbulunun davam etdirildiyini bildirib.
Müvəkkil Suriyada davam edən vətəndaş müharibəsində iştirak etmək və silahlı dəstələrə qoşulmaq üçün ailələri ilə birlikdə həmin ölkəyə gedən, müxtəlif silahlı birləşmələrin tərkibində döyüşən Azərbaycan vətəndaşlarının ailə üzvlərinin, o cümlədən qadın və uşaqların hazırda oradakı çadır düşərgələrində əsir və girov kimi saxlanıldıqlarını bildirib. Qeyd edilib ki, yaralılar və xəstələr düşərgədə tibbi yardımdan kənarda qalaraq baxımsız vəziyyətdədirlər, müvafiq əraziyə nəzarət edən qanunsuz silahlı dəstələr tərəfindən həmin düşərgədə saxlanılan uşaqlar işgəncələrə məruz qalır, zor tətbiq edilməklə ailələrindən alınır və ya oğurlanırlar.
Səbinə Əliyeva qeyd olunanları nəzərə alaraq BQXK-nın mandatı çərçivəsində Cenevrə konvensiyalarına uyğun olaraq hazırda Suriyadakı münaqişənin girovuna çevrilmiş Azərbaycan vətəndaşlarının maraqlarının müdafiə edilməsi, həmin şəxslər barədə məlumatların alınması və dəqiqləşdirilməsi, müharibə zonasında fəaliyyət göstərən sülhməramlı missiyalar qarşısında məsələ qaldırılması, girovluqda olduqları müddətdə işgəncəyə və qeyri-insani rəftara məruz qalmalarının qarşısının alınması, çadır düşərgələrində ehtiyac içində saxlanılan insanlara təxirəsalınmaz humanitar dəstəyin, yaralı və xəstələrə isə tibbi yardımın göstərilməsi, onların Azərbaycana qaytarılması və ailələrinə qovuşması istiqamətində tədbirlər görülməsi üçün dəstək verilməsini xahiş edib.
Müvəkkil, həmçinin 2014-cü ildə Azərbaycanın işğal olunmuş torpaqlarında yaxınlarının məzarlarını ziyarət edərkən Ermənistan hərbi qüvvələri tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqlarının pozulması ilə bağlı Ombudsman Aparatı tərəfindən dəfələrlə bəyanatlar verildiyini, aidiyyəti beynəlxalq qurumlara, o cümlədən BQXK-ya müraciətlər ünvanlandığını, ancaq bu günədək onların girovluqdan azad olunmadığını, kobud şəkildə pozulmuş hüquq və azadlıqlarının bərpa edilmədiyini, Ermənistana bununla bağlı hər hansı beynəlxalq təsirin göstərilmədiyini təəssüflə vurğulayıb.
Görüşdə, həmçinin cəbhə xəttindəki vəziyyət, eyni zamanda, iki qurum arasında əməkdaşlığın perspektivləri də müzakirə edilib.
Qonaq öz növbəsində regionlarda beynəlxalq humanitar hüquq sahəsində bilik və bacarıqların artırılması üçün birgə maarifləndirmə tədbirlərinin keçirilməsini təklif edib.
Sonda qonaqlar BQXK olaraq qaldırılan məsələlərin həlli istiqamətində əməkdaşlıq etməyə hazır olduqlarını bildirib, səmimi qəbul, açıq və ətraflı fikir mübadiləsinə görə təşəkkür ediblər.

Cəmiyyət 2020-09-22 15:17:00