×
A
A
A
Sazlamalar

Misirdə azərbaycanlı alimin elmi məqaləsi dərc olunub

Qahirə, 22 sentyabr, AZƏRTAC

Qahirə Universitetinin təşkil etdiyi “Şərq dilləri arasında qarşılıqlı tədqiqatlar” adlı beynəlxalq elmi konfransa təqdim olunmuş elmi məqalələr kitab şəklində işıq üzü görüb. Dünyanın müxtəlif ölkələrindən professorların təqdim etdiyi tədqiqat əsərləri arasında Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun “Ərəb dilinin yayılmasında Azərbaycanın töhfələri” sərlövhəli elmi məqaləsi də yer alıb.
Seymur Nəsirov AZƏRTAC-a bildirib ki, məqalədə ərəb dilinin inkişafında əvəzsiz xidmətləri olmuş azərbaycanlı alimlərdən geniş söhbət açılır. Ərəb mütəfəkkirlərinin azərbaycanlılar haqqında söylədikləri müsbət fikirlərin yer aldığı elmi əsərdə böyük alim Əbu Tahir əl- Siləfi və dahi şair əl- Buhturinin Azərbaycanı mədh edən şeirləri də qeyd edilib. S.Nəsirovun sözlərinə görə, əsərlərini ərəb dilində yazmış yüzlərlə azərbaycanlı alim və ədəbiyyatşünaslar var və onların sırasında orta əsrlərdə yaşamış azərbaycanlı şair Saib bin Fərruxun yaradıcılığına xüsusi yer ayrılıb.
S.Nəsirovun elmi məqaləsində Azərbaycan ilə Misir arasında tarixi və mədəni əlaqələrdən də söhbət açılır. Vurğulanır ki, azərbaycanlıların Misirin inkişafında əvəzsiz xidmətləri olub. Belə ki, VII əsrdə ərəblərin Azərbaycana ilk gəlişində Misir və Şam qəbilələrinin ölkəmizə köçdüyü haqqında maraqlı faktlar təqdim edilir.
Tədqiqatçı-alim Azərbaycan və ərəb dilləri arasında əlaqədən bəhs edərkən, dilimizdə çoxlu sayda ərəb mənşəli sözlərin olduğunu bildirir və buna konkret nümunələr göstərir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Elm və təhsil 2020-09-22 14:36:00