×
A
A
A
Sazlamalar

Gömrük nəzarətindən gizlədilən tütün və tibbi məmulatlar aşkarlanıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda tütün və tibbi məmulatların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, idarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, "Samur" gömrük postuna Rusiya Federasiyasından daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "MAN" markalı yük avtomobili saxlanılıb. Baxış zamanı həmin avtomobilin kabinəsində cihazlar panelinin alt hissəsində olan boşluqda gömrük nəzarətindən gizlədilmiş, sürücü oturacağının üst hissəsində olan çəkməcədə və avtomobilin qoşqusunda əşyalar qoymaq üçün nəzərdə tutulmuş sandıqda gömrük nəzarətinə bəyan olunmayan 800 ədəd xarici markalı siqaret, 80 ədəd papiros, 20 ampul və 90 həb müxtəlif adda dərman preparatı, 30 ədəd kosmetik vasitə, 2773 ədəd stomatoloji məhsul, 20 min 960 ədəd tibbi ləvazimat, 162 ədəd metal qıfıl aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-09-22 14:32:00