×
A
A
A
Sazlamalar

Pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə onlayn təlim başlayıb

Bakı, 22 sentyabr, AZƏRTAC 

Maliyyə Monitorinqi Xidməti (MMX) Lüksemburq Böyük Hersoqluğunun Təlim Mərkəzi (ATTF) ilə birlikdə sentyabrın 21-28-ni əhatə edən “Pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” (PL/TMM) üzrə videokonfrans formatında təlimə başlayıb.
MMX-dan AZƏRTAC-a bildirilib ki, təlimin məqsədi PL/TMM əsaslarını öyrənmək, onun riskini azaltmaq üçün beynəlxalq təşkilatlar haqqında məlumatlılığın artırılması, müştərilərin sadələşdirilmiş və gücləndirilmiş identifikasiya və verifikasiya sisteminin məzmununun başa düşülməsini təmin etməkdir. PL/TMM üzrə ekspert Enrike Dominqez tərəfindən aparılan təlimdə Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Mərkəzi Bankı, digər nəzarət orqanları, habelə ölkədə fəaliyyət göstərən kommersiya bankları və maliyyə qurumlarının əməkdaşları ilə birlikdə 22 nəfər iştirak edir.
Qeyd edək ki, 1990-cı ildən fəaliyyət göstərən ATTF beynəlxalq səviyyədə bank, maliyyə bazarları və digər sahəvi sektorlara aid seminarların təşkili üzrə zəngin təcrübəyə malikdir.

Maliyyə 2020-09-22 11:43:00