×
A
A
A
Sazlamalar

“Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib

Bakı, 21 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

"Karabakh is Azerbaijan!" Milli Platformasının müxtəlif ölkələr üzrə koordinatorlarının onlayn konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Videokonfransda Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, "Karabakh is Azerbaijan!" Milli Platformasının koordinatoru Bəxtiyar Rəhimov, Platformanın Türkiyə, Kanada, Niderland, Polşa, Moldova və İtaliya üzrə koordinatorları, eləcə də “Azərbaycan Diaspor Könüllüləri”nin Platformaya cəlb olunmuş üzvləri iştirak ediblər.
Tədbirdə koordinatorlarla intensiv və çevik əlaqələrin yaradılması, mütəşəkkil və ardıcıl fəaliyyətin təşkili, digər ölkələrdə koordinatorların müəyyənləşdirilməsi və sair məsələlər müzakirə edilib.
Qeyd edək ki, ölkəmizdə və xaricdə yaşayan azərbaycanlı gənclərin yaratdıqları "Karabakh is Azerbaijan!" Milli Platformasının məqsədi Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha effektiv şəkildə çatdırılması, dünyada yaşayan gənclərimizin bu istiqamətdə maarifləndirilməsi, onların vətənimizin təbliğ olunması işinə mütəşəkkil şəkildə səfərbər edilməsidir. Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu istiqamətdə Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinə dəstək verilməsi məqsədilə "Karabakh is Azerbaijan!" Milli Platforması Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ Araşdırmalar Mərkəzi, Avropa Azərbaycanlıları Media Qrupu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə birgə fəaliyyət göstərəcəkdir.
Platformanın tərkibində "Karabakh is Azerbaijan!" “YouTube” kanalı, "Facebook" səhifəsi və qrupları, "Twitter" profili, "Instagram" səhifəsi, "Telegram" və "WhatsApp" qrupları və sair yaradılıb. Yaxın zamanda bir neçə dildə fəaliyyət göstərəcək saytın təqdimatı da keçiriləcək.
Xatırladaq ki, qısa zamanda "Karabakh is Azerbaijan!" “YouTube” kanalında baxış sayı 20000-i ötüb ki, bu da yaşadığı yerdən asılı olmayaraq gənclərimizin ümummilli məsələlərdə birliyinin bir nümunəsidir. Bu kanalda gənclər türk, ingilis, rus, rumın, ispan və digər dillərdə hazırladıqları 27 videomaterial yerləşdirib və işlər davam etdirilir.
"Facebook" qruplarında isə dünyanın 67 ölkəsində (Azərbaycan, Türkiyə, İsrail, Ukrayna, Kanada, ABŞ, Almaniya, Polşa, Rusiya, Gürcüstan, Avstraliya, Böyük Britaniya, Niderland, Norveç, Fransa, İsveç, Pakistan və sair) yaşayan 28 min sosial şəbəkə istifadəçisi cəmləşib. Qrup üzvləri ingilis, alman, fransız, rus və digər dillərdə Qarabağ həqiqətləri haqqında videolar hazırlayaraq paylaşır. "Karabakh is Azerbaijan" “Facebook” səhifəsində paylaşılan məlumatlar 100 mindən artıq “Facebook” istifadəçisinə çatdırılıb.
Sosial media üzərindən isə ermənilərin Dağlıq Qarabağ və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, cəbhədə baş verən təxribatlar və şəhidlərimiz haqqında 3000-dən artıq (foto, video və sair) informasiya #KarabakhisAzerbaijan!, #Karabakh, #Stoparmenianaggression və sair həştəqlər ilə diqqətə çatdırılıb. Eyni zamanda, internet və sosial şəbəkə üzərindən "Karabakh is Azerbaijan!" Milli Platforması çərçivəsində işlərin daha səmərəli təşkili məqsədilə müvafiq sorğu aparılıb.
Qeyd edək ki, "Karabakh is Azerbaijan!" Milli platformasının azərbaycanlı və xarici ölkə gənclərindən ibarət beynəlxalq bölməsi yaradılıb və bu istiqamətdə də təkmilləşdirmə işləri aparılır.

Diaspor 2020-09-21 18:39:00