×
A
A
A
Sazlamalar

Xızı rayonunda qəsdən adam öldürməyə cəhddə və sağlamlığa zərər vurmada şübhəli bilinən şəxslər tutulublar

Bakı, 21 sentyabr, AZƏRTAC 

Sentyabrın 19-da Xızı rayonunun Altıağac qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Fərzəliyevə bıçaqla xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Xızı Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla Rauf Fərzəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə dayısı Vahid Əhmədovu qəsdən öldürmək məqsədilə atəş açmasına baxmayaraq, güllənin ona dəyməyərək yan keçməsinə, daha sonra isə Vahid Əhmədovun bıçaqla Rauf Fərzəliyevə qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə cinayət işi başlanıb.
Rauf Fərzəliyev Cinayət Məcəlləsinin 29, 120.1-ci, Vahid Əhmədov isə 127.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Hadisə 2020-09-21 17:19:00