×
A
A
A
Sazlamalar

“İki sahil” qəzeti “Neftçilər Günü”nə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

Bakı, 21 sentyabr, AZƏRTAC

“İki sahil” qəzeti “Neftçilər Günü”nə həsr olunmuş xüsusi buraxılış hazırlayıb.
AZƏRTAC xəbər verir ki, 20 sentyabr 1994-cü il müasir müstəqil Azərbaycan dövlətinin tarixinə mühüm hadisə kimi daxil oldu. Həmin gün ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınan neft sazişi imzalandı. Bu müqavilə Azərbaycanın neft tarixinin şanlı səhifəsini açdı. Məhz müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, yeni neft strategiyasının müəllifi, ulu öndər Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Fərmanı ilə sentyabrın 20-si “Neftçilər Günü” kimi təsis olundu və həmin vaxtdan başlayaraq hər il bu bayram dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti, neftçilərimizin fədakar əməyi sayəsində əldə edilən yüksək sosial-iqtisadi göstəricilərin fonunda böyük əhval-ruhiyyə ilə qeyd edilir.
Həmin tarixdən bizi 26 illik zaman ayırır. “İki sahil” qəzetinin “Neftçilər Günü”nə həsr olunmuş 100 səhifəlik xüsusi buraxılışında Azərbaycan neft-qaz sənayesinin 26 ildə keçdiyi inkişaf yolunun təhlili aparılıb, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinə davamlı töhfələr verən SOCAR-ın və onun strukturlarının gördüyü işləri əks etdirən maraqlı yazılar dərc edilib, rəngli şəkillər və yüksək poliqrafik tərtibat xüsusi diqqət çəkir. Xüsusi buraxılışın üz qabığında cari ildə enerji sektorunda qazanılan uğurlardan biri olan Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağı üzrə dayaq blokunun dənizə yola salınması mərasimi çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Prezident İlham Əliyevin xüsusi qeyd etdiyi bu fikirlər öz əksini tapıb: “Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Neft strategiyasının uğurla həyata keçirilməsində neftçilərin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilib. Hər il 20 sentyabr – “Neftçilər Günü” ərəfəsində neçə-neçə qabaqcıl neftçinin yüksək dövlət mükafatları ilə təltif edilməsi də cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilərin əməyinə verilən qiymətin, onlara göstərilən diqqətin bariz nümunəsidir. Xüsusi buraxılışda Prezident İlham Əliyevin 2020-ci il 19 sentyabr tarixli müvafiq sərəncamları, həmçinin neft və qaz sənayesinin inkişafında xüsusi xidmətləri olan şəxslərin SOCAR-ın “Fəxri neftçi” döş nişanı ilə təltif edilməsi öz əksini tapıb.
Xüsusi buraxılışda SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Neftçilər Günü” münasibətilə yer alan təbrikində bildirilir ki, müstəqil Azərbaycanın inkişaf və tərəqqisi ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin bəhrəsi olan yeni enerji strategiyasının uğurları ilə sıx bağlıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm enerji layihələrinə imza atan ölkəmiz davamlı və dinamik sosial-iqtisadi inkişaf yolunda inamla addımlayır. Neft-qaz sənayesinin uğurları qeyri-neft sektorunun inkişafına da güclü təkan verərək iqtisadi yüksəlişin, xalqın artan rifahının möhkəm təminatına çevrilib.
Təbrikdə bu reallıq da öz əksini tapıb ki, “Əsrin müqaviləsi”nin ərsəyə gəlməsində, eləcə də dünya neft sənayesinin inkişaf tarixində müstəsna yer tutan Azərbaycanın təşəbbüsü və yaxından iştirakı ilə reallaşan digər qlobal enerji layihələrinin uğurlarında neftçilərin əvəzolunmaz payı var. Dövlətimiz çətin və şərəfli neftçi əməyini daim yüksək qiymətləndirir və dərin etimad göstərir. Bu əminlik də ifadə olunur ki, neftçilərimiz bu yüksək etimadı doğrultmaq və Azərbaycanın neft-qaz sənayesi salnaməsinə yeni-yeni parlaq səhifələr yazmaq üçün bundan sonra da səylərini əsirgəməyəcək, Vətənimizin, xalqımızın daha işıqlı gələcəyi naminə əzmlə çalışacaq, ölkəmizin sosial-iqtisadi yüksəlişinə dəyərli töhfələrini davam etdirəcəklər.
R.Abdullayevin “SOCAR prioritetlərini dövrün çağırışlarına uyğun seçir” sərlövhəli yazısında qeyd olunur ki, bu gün beynəlxalq enerji sektorunda aparıcı tendensiyalar dünya iqtisadiyyatında yüksək texnologiyaların inkişaf dinamikası ilə müəyyənləşir. Qədim tarixə, zəngin və şərəfli ənənələrə malik Azərbaycanın neft-qaz sənayesi də bu tendensiyalardan kənarda qalmır, fəaliyyətini zamanın tələblərinə uyğunlaşdıraraq modernizasiya və qloballaşma çağırışları ilə uzlaşır. Bu çağırışlar enerji sektoru qarşısında yeni məqsəd və vəzifələr qoyur, prioritet sahə olan rəqəmsal texnologiyaların inkişafını, bütövlükdə iqtisadi sistemə, o cümlədən idarəetmə və tənzimləmə sisteminə tətbiq edilməsini labüdləşdirir.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin “Neftçilər Günü” ulu öndər Heydər Əliyevin Azərbaycan neftçilərinə böyük hədiyyəsidir” yazısında müqavilənin imzalanmasına qədər keçilən yoldan, aparılan danışıqlardan, həmçinin “Əsrin müqaviləsi”nin iqtisadi və siyasi əhəmiyyətindən geniş bəhs olunur. Məqalədə qeyd edilir ki, 20 sentyabr günü Azərbaycanın iqtisadiyyatında, ölkəmizin iqtisadi-siyasi və sosial həyatında parlaq bir səhifə açmış Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi üzrə imzalanmış “Əsrin müqaviləsi”nə və Ümummilli Liderin neft-qaz strategiyasını var qüvvə ilə həyata keçirən neftçilərin əməyinə verilən yüksək dəyərin rəmzi oldu.
Xüsusi buraxılışı vərəqlədikcə SOCAR-ın ayrı-ayrı sahələrdə tətbiq etdiyi yeniliklər, təcrübələr, qazandığı uğurlar ətraflı şəkildə ictimaiyyətə çatdırılır. Çoxsaylı məqalələrdə “Neftçilər Günü” ilə bağlı son bir ildə görülən işlərin qısa hesabatı və növbəti ilin hədəfləri açıqlanır.
Xüsusi buraxılışın son səhifəsində əksini tapan ulu öndər Heydər Əliyevin “Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir” fikri Azərbaycanın malik olduğu təbii resursların nəinki bu günümüz, hələ qarşıdakı onilliklər boyu Azərbaycanın daha da inkişafına, insanların sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasına yönələn bir çağırışdır. Bildirilir ki, hər bir dövrün, zamanın çağırışlarını yüksək səviyyədə cavablandıran Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyası qarşıdakı illərin aydın mənzərəsini yaradır.

Neft - qaz 2020-09-21 15:30:00