×
A
A
A
Sazlamalar

Pakistan portalında Azərbaycandakı nümunəvi dini tolerantlıq mühitindən bəhs edən məqalə dərc olunub

Bakı, 21 sentyabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının müəllifi olduğu “Azərbaycan - milli-mənəvi dəyərlərin qorunduğu və dini tolerantlığın yüksək səviyyədə təmin olunduğu ölkə” başlıqlı məqalə Pakistanın beynəlxalq nüfuzlu “parhlo.com” media portalında dərc edilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, məqalədə Azərbaycandakı mövcud nümunəvi dini tolerantlıq mühitindən, milli-mənəvi dəyərlərimizə söykənən, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, eləcə də Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətindən, bu ilin iyul ayında Tovuzda baş verən erməni təxribatından bəhs edilir.
Yazıda ölkəmizdə dini tolerantlıq və multikulturalizm ənənələrinin layiqli şəkildə qorunub saxlanılması və bu sahədə ölkə Prezidentinin uğurlu siyasəti vurğulanaraq dövlətimizin başçısının Sərəncamı ilə Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması buna praktiki sübut kimi diqqətə çatdırılır.
Eyni zamanda, məqalədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanda elm, təhsil və mədəniyyət sahələrində həyata keçirilən layihələrə xüsusi diqqət yetirməsi, milli-mənəvi dəyərlərimizin təkcə Azərbaycanda deyil, həm də dünyada tanıdılmasında xüsusi rol oynadığı, Heydər Əliyev Fondunun dəstəyi ilə çox sayda məscid, kilsə və digər dini abidələrin bərpa edilərək istifadəyə verilməsi barədə dolğun məlumatlar yer alıb.
Sözügedən məqalədə tarix boyu ermənilərin Azərbaycana qarşı ərazi iddiaları, Azərbaycan torpaqlarını işğal etməsi, etnik təmizləmə siyasəti aparması, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozması, həmçinin dini-mədəni abidələrimizin işğalçılar tərəfindən dağıdılması qəti şəkildə pislənilir. Həmçinin Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqa xüsusi töhfə verməsi və bu sahədə müxtəlif nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi qeyd olunur, eləcə də milli-mənəvi dəyərlərin, dini tolerantlığın qorunması və təbliği dövlət siyasətinin əsas prioritet istiqamətlərindən olduğu vurğulanır.
Məqalə ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://www.parhlo.com/azerbaijan-religious-tolerance/.

Din 2020-09-21 13:42:00