×
A
A
A
Sazlamalar

Sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımızın açıq məşqi olub

Bakı, 19 sentyabr, AZƏRTAC

Sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız hazırlıq prosesini davam etdirirlər. Sentyabrın 19-da milli komandalarımızın açıq məşqi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının stadionunda keçirilən hazırlıq prosesi bir saat davam edib.
Dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan dünya çempionatına, eləcə də gələn il keçiriləcək Olimpiadaya lisenziya xarakteri daşıyan turnirlərə hazırlaşan millilərimiz karantin dövründə də məşqlərə ara verməyiblər. Belə ki, güləşçilərimiz pandemiya ilə əlaqədar ölkədə sərt karantin rejiminin tətbiq olunduğu müddətdə məşqçilərin verdiyi proqrama əsasən, ev şəraitində məşqlər ediblər. Karantin qaydaları yumşaldıqdan sonra kollektiv məşqlər bərpa edilib. Hazırda yığmalarımız açıq havada hazırlıq prosesini plana uyğun olaraq davam etdirir. Azərbaycan Güləş Federasiyası idmançılarımızın yüksək hazırlıq səviyyəsində olması üçün milli komandalara lazım olan şərait yaradıb, maddi-texniki təminat həyata keçirilib.

İdman 2020-09-19 13:25:00