×
A
A
A
Sazlamalar

Şahbuz rayonunda payızlıq taxıl əkinlərinə hazırlıq işləri görülür

Şahbuz, 19 sentyabr, AZƏRTAC

Muxtar respublikanın Şahbuz rayonunda ailə təsərrüfatçıları və torpaq mülkiyyətçiləri sentyabr ayının əvvəllərindən payız şumuna başlayıblar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazasına, fiziki şəxslərə və ailə təsərrüfatçılarına məxsus 15-ə yaxın texnikadan istifadə olunmaqla, indiyədək 300 hektar sahədə şum qaldırılıb. Şum əsasən Şahbuz şəhərində, Şahbuzkənddə, Sələsüz, Türkeş, Mərəlik, Badamlı və digər kəndlərdə aparılır.
Qeyd edək ki, ötən il Türkeş kəndində 350 hektar, bu il isə Sələsüz, Mərəlik və Türkeş kəndlərinin digər torpaq sahələrində 270 hektar sahədə qapalı suvarma sistemlərinin qurulması torpaq mülkiyyətçilərinin əkinlərə marağını artırıb. Belə ki, ötən il 1563 hektar sahədə taxıl əkinləri aparan torpaq mülkiyyətçiləri bu il taxıl sahələrini 1700 hektara çatdırmağı planlaşdırırlar.
Hazırda rayonun Külüs kəndinin Düz massivində inşa olunan nasos stansiyası vasitəsilə bu kənddə də uzun illərdir əkilməyən torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq.

Kənd təsərrüfatı 2020-09-19 12:54:00