×
A
A
A
Sazlamalar

Azərbaycan Ümumdünya Güləş Birliyi İcraiyyə Komitəsinin onlayn iclasında təmsil olunub

Bakı, 19 sentyabr, AZƏRTAC

Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin növbəti onlayn iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, UWW-nin prezidenti Nenad Laloviçin rəhbərliyi ilə təşkil olunan vebinarda qurumun Büro üzvü, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev də iştirak edib.
Dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan gənclər və böyüklər arasında dünya çempionatlarının təyin olunan vaxtda baş tutub-tutmaması məsələsi açıq qalıb. Bununla bağlı qərar UWW-nin İcraiyyə Komitəsinin növbəti iclasında veriləcək. Belə ki, oktyabrın 5-də baş tutacaq həmin iclasda pandemiyanın inkişaf tempi nəzərə alınacaq və ilin sonuncu mühüm yarışının taleyinə aydınlıq gələcək.
Xatırladaq ki, UWW dekabrın 1-dək beynəlxalq yarışların bir qismini təxirə salıb, böyük əksəriyyətini isə ləğv edib. Bunlar arasında U-15 Avropa çempionatı, yeniyetmələr və 23 yaşadək güləşçilər arasında dünya və Avropa çempionatları, eləcə də gənclər arasında qitə birinciliyi də var.

İdman 2020-09-19 11:32:00