×
A
A
A
Sazlamalar

Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçiriləcək

Bakı, 19 sentyabr, AZƏRTAC

Cari ilin sonunda Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası keçiriləcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cabbarov Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Volfqanq Maniqlə görüşüb. Nazir Azərbaycanın Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayıb. Qeyd edilib ki, Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun, Alman-Azərbaycan Xarici Ticarət Palatasının səmərəli fəaliyyəti əlaqələrin inkişafında əhəmiyyətlidir və bu ilin sonunda İşçi Qrupunun növbəti iclasının keçirilməsi əməkdaşlığın genişləndirilməsinə töhfə verə bilər.
Diqqətə çatdırılıb ki, bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında Almaniya təcrübəsindən istifadə etməklə yaradılan Peşə Təhsil Mərkəzi açılıb və bu sahədə əməkdaşlığın davam etdirilməsi önəmlidir. Alman şirkətləri Azərbaycanın əlverişli investisiya və biznes mühitindən, nəqliyyat-tranzit imkanlarından yararlana bilərlər.
Görüşdə İqtisadiyyat naziri pandemiya dövründə görülən tədbirlər, hazırkı iqtisadi vəziyyət, aparılan islahatlar barədə məlumat verib, Azərbaycan İnvestisiya Holdinqinin və İqtisadi Şurasının yaradıldığını bildirib, postpandemiya dövrü üçün iqtisadi inkişaf istiqamətlərini diqqətə çatdırıb.
Səfir V.Maniq ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb, əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.
İqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətlərinin müzakirə olunduğu görüşdə Azərbaycan və Almaniya şirkətləri arasında əlaqələrin inkişafı, menecerlərin Almaniyada ixtisasartırma kurslarında iştirakının davam etdirilməsi, Almaniyanın Kiçik və Orta Sahibkarlıq Federal Assosiasiyası ilə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında əməkdaşlıq və sair məsələlər barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat 2020-09-19 11:32:00