×
A
A
A
Sazlamalar

Mollanəsrəddinçilik məfkurəsinin tədqiqinə həsr olunan yeni kitab işıq üzü görüb

Bakı, 19 sentyabr, AZƏRTAC

Bu günlərdə Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor Allahverdi Məmmədlinin “Mollanəsrəddinçilik və milli ideya” monoqrafiyası işıq üzü görüb. Kitab yeni nəşrlər sırasında aktuallığı və elmi-nəzəri səviyyəsi ilə xüsusi maraq doğurub.
AZƏRTAC xəbər verir ki, tanınmış jurnalistika alimi azərbaycançılıq ideologiyasının önəmli tarixi qaynaqlarından sayılan mollanəsrəddinçilik məfkurəsinin tədqiqi ilə bağlı növbəti əsərini bu təlimin ideya rəhbəri və cəfakeşi, böyük ədib və mütəfəkkir Cəlil Məmmədquluzadənin 150 və yetirməsi olduğu BDU-nun 100 illiyinə həsr edib.
Müəllif, eyni zamanda, yeni tədqiqatını universitetin başqa bir məzunu, Cəlil Məmmədquluzadə şəxsiyyətinə və mollanəsrəddinçilik məfkurəsinə dərin sədaqətlə uzun illər Naxçıvan mətbuatında çalışmış və nüfuzlu qələm sahibi kimi tanınmış, ilk ustadı olan atası Məhərrəm Allahverdioğlunun ruhu qarşısında hesabat olaraq ərsəyə gətirib.
Dərs vəsaiti kimi təqdim olunan kitabda Azərbaycan klassik ədəbiyyatının və jurnalistikasının inkişafında, milli ideyanın dövlətçiliyin bərpasına yönləndirilməsində tarixi rolu olan “Molla Nəsrəddin” ədəbi məktəbinin məfkurəvi fəaliyyəti azərbaycançılıq təliminin təşəkkülü müstəvisində geniş öyrənilib. Monoqrafiyada XX əsrin əvvəllərində istiqlal mübarizəsi ətrafında cəmləşmiş milli ədəbi qüvvələrin yaradıcılığında aparıcı yön təşkil edən Vətənə, xalqa, ana dilinə sevgi, onların mədəni tərəqqi, ictimai azadlıq və müstəqillik uğrunda mübarizəsi mövzuları əhatəli təhlilə cəlb olunub.
Dərs vəsaitində elmi araşdırmalar və ümumiləşdirmələr nəticəsində ortaya qoyulan müddəalar və nəticələr ədəbiyyatşünaslığa, jurnalistika tarixi və nəzəriyyəsinə dair tədqiqat əsərlərində, filologiya və jurnalistika üzrə təhsilin müvafiq proqramlarında istifadə üçün zəngin məlumat verir. Elmi redaktorları akademik İsa Həbibbəyli və professor Cahangir Məmmədli, rəyçisi professor Asif Rüstəmli olan tədqiqat xüsusi kurs kimi də tədris edilə bilər.
Xatırladaq ki, Əməkdar jurnalist A.Məmmədli ölkə jurnalistikasının inkişafında seçilən və xidməti olan qələm sahiblərindən və milli mətbuatımızın nüfuzlu tədqiqatçılarındandır. Onun xarici ölkələrin və respublikanın dövrü və elmi nəşrlərində dərc edilmiş çoxsaylı məqalələri və beynəlxalq statuslu elmi məclislərdəki çıxışları həmişə böyük maraq doğurub.
Yeni kitab bir daha təsdiq edir ki, “Molla Nəsrəddin” jurnalının indiyə qədərki tədqiqatlar fonunda, milli ideya bucağından dərin təhlilə cəlb olunmasının əsaslarını yaradan və inkişaf etdirən alim bu sahədəki növbəti tədqiqatı ilə azərbaycanşünaslığa töhfələrini uğurla davam etdirir.
Qeyd edək ki, Allahverdi Məmmədli bu silsilədən altı kitabın müəllifidir.

Mədəniyyət 2020-09-19 10:30:00