×
A
A
A
Sazlamalar

Qivami Rəhimli: “Böyük şəxsiyyət barədə kiçik qeydlər”

Bakı, 19 sentyabr, AZƏRTAC

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə hökumətlə işlər üzrə baş müşaviri, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli ulu öndər Heydər Əliyevin neft strategiyasının ən böyük uğuru sayılan “Əsrin müqaviləsi”nin imzalanmasının 26-cı ildönümü ilə əlaqədar “Böyük şəxsiyyət barədə kiçik qeydlər” adlı məqalə hazırlayıb. AZƏRTAC məqaləni təqdim edir.
1990-cı illərin əvvəllərində gənc Azərbaycan Respublikası çox böyük maneələrlə üzləşmişdi. Erməni işğalı, vətəndaş müharibəsi təhlükəsi, iqtisadi və siyasi böhran ölkəmizin inkişafı üçün böyük problemlər yaradırdı. Bununla bərabər Azərbaycana qarşı böyük dövlətlər arasında gedən nüfuz və maraq savaşı, ehtiyatsız atılan hər bir addım fəlakətə gətirib çıxara bilərdı.
Azərbaycana həmin mürəkkəb dövrdə rəhbərlik edən ulu öndər Heydər Əliyev xarici güc mərkəzlərindən gələn təzyiqləri və ölkə daxilindəki maneələri aradan qaldıraraq beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq üçün ictimai-siyasi sabitliyə nail oldu. Bununla belə, neft sazişini imzalamaq üçün 1994-cü ilin yaz və yay aylarında İstanbulda və Hyustonda xarici neft şirkətləri ilə aparılan danışıqların son mərhələləri xüsusilə ağır keçir və bəzən müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılmaq həddinə gəlib çıxırdı.
Neft sazişi ilə əlaqədar ən böyük təzyiqlər qonşu ölkələrdəki bəzi siyasi dairələrdən gəlirdi. İlk növbədə, Rusiya və İran Xəzər dənizinin hüquqi statusu barədə məsələ qaldırıb, onun sərvətinin bütün Xəzəryanı ölkələrə məxsus olduğunu vurğulayır və Xəzərin təbii sərvətlərinin istifadəsinə nəzarət etmək üçün beynəlxalq komitə yaratmaq təklifi ilə çıxış edirdilər. Rusiyanın o zamankı Xarici İşlər naziri Andrey Kozıryev bəyanatlar verərək belə bir müqavilənin həyata keçirilməsinə yol verilməyəcəklərini bildirirdi. Digər problem Türkmənistanın Azərbaycanın imzalayacağı sazişdə “Azəri” yatağına iddialı olması idi.
Ulu Öndər bir tərəfdən qlobal güclər və eyni zamanda, güclü qonşularla toqquşan maraqları balanslaşdıraraq, digər tərəfdən xarici neft şirkətləri ilə gərgin keçən danışıqları tarazlaşdıraraq, bu və digər daxili çətinliklərə baxmayaraq 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi”ni reallaşdıra bildi. Azərbaycanın strateji inkişaf yolunun başlanğıcı olan bu müqavilə keçmiş SSRİ məkanında birinci ən böyük neft kontraktı, karbohidrogen ehtiyatlarına və qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən sayılır.
1995-ci ilin fevral ayında 8 ölkəni təmsil edən və 11 xarici neft şirkətinin iştirakı ilə yaradılan konsorsium - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Əsrin müqaviləsi”ni həyata keçirmək üçün fəaliyyətə başladı. Konsorsiumda xarici neft şirkətlərinin nümayəndələri, o cümlədən Norveçin Statoil şirkətindən ABƏŞ rəhbərliyində xeyli nümayəndələr var idi. ABƏŞ-də çalışan ilk azərbaycanlılardan biri olaraq mən norveçli mütəxəssislərlə sıx əlaqədə olurdum. Bunun səbəblərindən biri də müstəqilliyimizin ilk illərində mənim Norveçin Oslo Universiteti ilə qurduğum əlaqələr idi. O illərdə BDU-da beynəlxalq mərkəzin rəhbəri kimi mən azərbaycanlı tələbələri Oslo Universitetində müxtəlif kurslarda təhsil almasına nail olmuşdum. Bunları nəzərə alaraq biz birlikdə Norveç və Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq münasibətləri qurmaq məqsədilə 1995-ci ilin noyabr ayında Azərbaycan-Norveç Dostluq Cəmiyyətini təsis etdik. Dostluq Cəmiyyətinin idarə heyəti çox yüksək statusa malik idi. İdarə heyətində Norveçin Azərbaycandakı səfiri və baş konsulu ilə bərabər ABƏŞ-in rəhbərliyində təmsil olunan norveçli mütəxəssislər, Azərbaycan tərəfindən isə hökuməti təmsil edən bir neçə nümayəndə var idi.
Azərbaycan-Norveç Dostluq Cəmiyyəti iki ölkə arasında mədəniyyət, elm, təhsil, informasiya mübadiləsi sahəsində qarşılıqlı surətdə səmərəli olan əlaqələrin möhkəmləndirilməsində böyük rol oynayırdı. Təşkilatımız o zaman Azərbaycan cəmiyyətində ən çox təqdir olunan və gündəmdə olan bir qurum kimi ulu öndər Heydər Əliyevin diqqətini cəlb etmişdi və o, Dostluq Cəmiyyətinin fəxri qonaqları sırasında idi. Azərbaycan-Norveç Dostluq Cəmiyyətinin prezidenti kimi mən ümummilli lider Heydər Əliyevlə dəfələrlə görüşmək şərəfinə nail olmuşam. İş qrafikinin çox sıx olmasına baxmayaraq, Ulu Öndər cəmiyyətin tədbirlərinə dəvət almış norveçli qonaqları qəbul edirdi. Qonaqların arasında dünya miqyaslı tədqiqatçı - antropoloq, arxeoloq və etnoqraf Tur Heyerdal, Oslo Xarici Araşdırmalar İnstitutunun xarici siyasət üzrə aparıcı eksperti Arne Olav Brundtland (o vaxtkı Baş Nazir), sabiq Energetika naziri Hens Stoltenberq (sonradan Baş Nazir və hazırda NATO-nun Baş katibi) və Norveç parlamentinin deputatları var idi.
Heydər Əliyev Dostluq Cəmiyyətinin iki ölkə arasındakı əlaqələri genişləndirmək istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirdi və Norveçin təcrübəsindən yararlanmaq imkanlarına dəstək verdiyini bildirirdi. Elə bunun nəticəsi olaraq, 1996-ci ilin aprel ayında Prezident Heydər Əliyevin Qərbi Avropa ölkələrinə rəsmi səfəri zamanı Norveç və qonşu Skandinaviya ölkələrindəki Azərbaycan diasporu ilə görüşü təşkil etmək üçün məni də dövlət nümayəndə heyətinin tərkibinə daxil etmişdi. Mən nümayəndə heyətində yeganə qeyri-hökumət nümayəndəsi idim və bu, Ulu Öndərin diaspor ilə əlaqələrə verdiyi önəmdən irəli gəlirdi.
Cəmiyyətimizin geniş fəaliyyətinin əsas istiqamətlərindən biri də neft hasilatı ilə əlaqədar ölkədə sürətli inkişafa nail olmuş Norveç təcrübəsindən yararlanmaq və bu təcrübəni Azərbaycanda yaymaq idi. Bu istiqamətdə görülən işlər sırasında Azərbaycan-Norveç Dostluq Cəmiyyətinin səyləri nəticəsində Bakı şəhərinin 1996-cı ildə Dünya Enerji Şəhərləri Tərəfdaşlığı təşkilatına qoşulmasını göstərmək olar. Həmin il Prezident Heydər Əliyevin xeyir-duası ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və mən Dünya Enerji Şəhərləri Tərəfdaşlığının təcrübəsini öyrənmək üçün həmin təşkilatın Stavanger şəhərində keçirilən illik toplantısına qatıldıq.
Eyni məqsədlə 1996-cı ilin avqust ayında Ulu Öndər Norveç Neft Fondunun təcrübəsinin öyrənmək üçün Baş Nazirin rəhbərliyi ilə hökumət nümayəndə heyətini də Norveçə ezam etdi.
Artıq 1997-ci il noyabrın 7-də “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilkin neft hasil olundu. Bu münasibətlə noyabrın 12-də “Çıraq” platformasında ulu öndər Heydər Əliyevin, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Terri Adams, ARDNŞ-in prezidenti Natiq Əliyev, ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev, xarici ölkələrin nümayəndə heyətlərinin başçıları və neft şirkətlərinin prezidentlərinin iştirakı ilə təntənəli mərasim keçirildi. “Çıraq” platformasında keçirilməyə başlanmış olan təntənəli mərasim Respublika Sarayında davam etdirildi.
BP şirkəti ilkin neftin çıxarılması münasibəti ilə keçirilən bu təntənəli gündən xatirə olaraq rəmzi məna daşıyan bir hədiyyə təqdim etmişdi - müstəqil Azərbaycanın beynəlxalq simvolu kimi Böyük Britaniya kraliçasına ithaf edilmiş orijinal gül növlərindən xüsusi olaraq “Prezident Heydər Əliyev sülh qızılgülü” növü yetişdirilmişdi. BP şirkəti müstəqil Azərbaycanın beynəlxalq simvolu kimi yetişdirdiyi bu yeni qızılgül növünü Beynəlxalq Qızılgül Cəmiyyətində Ulu Öndərin şərəfinə qeydiyyatdan keçirmişdi.
Bu münasibətlə tədbirdə çıxış edən ABƏŞ-in prezidenti, BP şirkətinin nümayəndəsi Terri Adams şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ilə birlikdə həmin qızılgülün rəsmi botanik şəklini böyük məmnuniyyətlə Prezident Heydər Əliyevə hədiyyə edərək qeyd etmişdi ki, bu gülün 200 tingi Prezidentin seçəcəyi yerlərdə əkilmək üçün Bakıya gətiriləcək. Bundan əlavə, “Prezident Heydər Əliyev sülh qızılgülü”nün tingləri “Əsrin müqaviləsi”nin payçı şirkətlərin hamısına hədiyyə ediləcəkdi ki, onlar təmsil olunduğu ölkələrin hər birinin dövlət nəbatat bağlarında əkilsin. Sonradan mən Londonda gətirilmiş “Prezident Heydər Əliyev sülh qızılgülü”nün tinglərini əkmək üçün Prezident Aparatına və Mərdəkandakı Nəbatat Bağına təqdim etmişdim.
“Əsrin müqaviləsi” ilə əlaqədar digər çətin məqamlardan biri də AÇG yataqlarının tammiqyaslı işlənməsi ilə əlaqədar artan neft həcmlərinin dünya bazarlarına çatdırılması məsələsi idi. Prezident Heydər Əliyev Azərbaycan neftini dünya bazarlarına çıxarmaq üçün əsas ixrac neft kəmərini Türkiyənin Aralıq dənizində yerləşən Ceyhan limanına qədər uzadılmasını təklif etmişdi və ilkin neftin bu boru xətti vasitəsilə nəqli üçün 54 aylıq bir müddət müəyyən edilmişdi. Lakin Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin bir çox səhmdar şirkətləri buna qarşı çıxaraq Rusiyanın maraqlarına uyğun olan və onun ərazisindən keçən şimal marşrutunu, digərləri Gürcüstan ərazisindən keçən qərb marşrutunu və ya İran ərazisindən keçən, daha ucuz başa gələn cənub marşrutu kimi digər beynəlxalq satış istiqamətlərini təklif edirdilər. Mən əsas ixrac boru kəmərinin seçilməsi ilə bağlı baş verən bütün bu proseslərin şahidi olmuşam və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ilk prezidenti Terri Adamsın diplomatcasına dediyi fikirləri yaxşı xatırlayıram: “Əsas ixrac marşrutu ya Rusiya ərazisindən keçə bilər, ya Supsa terminalı vasitəsilə, ya da ki, Ceyhan limanına qədər uzana bilər”.
Prezident Heydər Əliyev Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin səhmdarları arasında boru kəmərinin marşrutu ilə bağlı yaranan mübahisələrdən çox narazı idi və işin icrası bu mübahisələr səbəbindən gecikirdi.
Heydər Əliyev çıxışlarının birində təkid etdiyi yeganə variant olan Bakı-Tbilisi-Ceyhan marşrutu barədə belə demişdi: “İmzaladığımız müqaviləyə və Bakı-Tbilisi-Ceyhan nəqliyyat marşrutuna qarşı çıxan insanlar var idi... Onlar Azərbaycana qarşı maneələr yaradırdılar. Axı, neft bizə məxsusdur və neft üçün ixrac marşrutunu müəyyən etmək də ilk növbədə, bizim hüququmuzdur. Bizi çox böyük təzyiqlərə məruz qoyurdular... Sonda biz bütün bunlara qalib gəldik və həmin müqaviləni imzaladıq... Onlar Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin inşasına qarşı çıxırdılar... Amma biz qətiyyətimizi nümayiş etdirərək öz yolumuzdan dönmədik”.
İndi geriyə dönüb baxanda, Azərbaycanın dövlət quruculuğu sahəsində Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasətin necə böyük uğur əldə etdiyinin şahidi olursan.
14 sentyabr 2017-ci ildə Bakıda, Heydər Əliyev Mərkəzində 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nə düzəlişlər edilib, yenidən tərtib olunmuş sazişin imzalanması mərasimi keçirildi. Ulu öndər Heydər Əliyevin neft strategiyasının ən böyük uğuru sayılan bu saziş “Yeni əsrin müqaviləsi”nə çevrilərək “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsini 2050-ci ilə qədər uzadılmasına qərar verildi.
Bu da öz növbəsində 1994-cü ildən bəri “Əsrin müqaviləsi”ni həyata keçirən BP şirkətinin və onun xarici tərəfdaşlarının Azərbaycan iqtisadiyyatına inamını nümayiş etdirir və dövlət neft şirkəti SOCAR-la əməkdaşlığı yeni səviyyəyə qaldırır. Bu müddət ərzində əldə edilən təcrübə onu göstərir ki, imzalanan yeni saziş Azərbaycanın geosiyasi nüfuzunun yüksəlməsi, müstəqil dövlət quruculuğu prosesinin uğurla inkişaf etdirilməsi nöqteyi-nəzərindən olduqca qiymətlidir.

Siyasət 2020-09-19 09:00:00