×
A
A
A
Sazlamalar

İsveçrənin əczaçılıq konserni SARS-CoV-2 virusuna qarşı sürətli seroloji test hazırlayıb

Bern, 18 sentyabr, AZƏRTAC

İsveçrənin “Roche“ əczaçılıq konserni koronavirusa qarşı bədəndə yaranmış qoruyucu zülalların (anticisimlərin) səviyyəsinin kəmiyyət ölçüsü üçün hazırladığı sürətli testləri satışa çıxarıb.
AZƏRTAC xəbər verir ki, “Elecsys Anti-SARS-CoV-2” anticisim testi koronavirusun daşıyıcı hüceyrədəki reseptorla bağlantısına xidmət edən çıxıntılı zülalına qarşı yönəlib.
Konsernin diaqnostika bölməsinin rəhbəri Tomas Şineker bildirib ki, hazırda virusa qarşı mübarizədə təsirli peyvənd maddəsi ən real vasitə hesab olunur və bu faktı nəzərə aldıqda, peyvəndin orqanizmdə yaratdığı immunitetin kəmiyyət ölçüsü həmin peyvəndin nə dərəcədə keyfiyyətli və təsirli olduğunun göstəricisidir. Yeni kvantitativ “Elecsys Anti-SARS-CoV-2” anticisim testi peyvənd maddələri üzərində aparılan kliniki sınaqlarda açar rolu oynaya və peyvənd vurulmuş pasiyentlərdə immunlaşma səviyyəsini müəyyən etməkdə həkimlərə kömək edə bilər.
Qeyd edilməlidir ki, bu test “Roche” konserninin koronavirus portfoliosunda yer alan 12-ci testdir. Sürətli testin satışa çıxarılması xəbəri eyni zamanda konsernin birjalardakı səhmlərinə müsbət təsir göstərib və səhmin qiyməti 1,34 faiz artaraq 341,40 İsveçrə frankına çatıb.


Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri

Bern

Səhiyyə 2020-09-18 14:10:00