×
A
A
A
Sazlamalar

Cari ildə informasiya və rabitə müəssisələri 1,4 milyard manatlıq xidmətlər göstərib

Bakı, 18 sentyabr, AZƏRTAC 

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 1,1 faiz artaraq 1 milyard 413 milyon manat təşkil edib ki, onun da 72,3 faizi əhali tərəfindən istehlak olunub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu sahədə əldə edilmiş gəlirin 80,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 42,1 faizi və ya 595 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Qeyd edək ki, rabitə xidmətlərinin dəyəri rabitə müəssisəsinin əsas fəaliyyətindən əldə olunan gəlirlərdir. Bu göstərici idarə, müəssisə və təşkilatlara, habelə əhaliyə göstərilmiş xidmətlər müqabilində rabitə müəssisəsinin əldə etdiyi pul vəsaitinin cəmini xarakterizə edir. Buraya poçt rabitəsi, feldyeger və xüsusi rabitə, sənədli elektrik rabitəsi, şəhərlərarası və beynəlxalq telefon rabitəsi, şəhər telefon rabitəsi, kənd telefon rabitəsi, radiorabitə, radio və televiziya yayımı və peyk rabitəsi, naqilli səs yayımı üzrə radiotezliklərin ayrılması, qeydiyyatı, istismarı və nəzarəti, naqilsiz radiorabitə üzrə mobil telefon rabitəsi, internet xidmətləri, ISDN xidmətləri, ADSL və HDSL xidmətləri, DATA xidmətləri, simsiz yerli telefon rabitəsi xidmətləri və digər rabitə xidmətləri üzrə əldə olunmuş gəlirlər daxildir.

İKT 2020-09-18 12:41:00