×
A
A
A
Sazlamalar

“Koreya-Azərbaycan səhiyyə sahəsində əməkdaşlıq” mövzusunda vebinar keçirilib

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə “2020 Koreya tibbi” layihəsi çərçivəsində vebinar keçirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a verilən məlumata görə, vebinarın keçirilməsində məqsəd Koreyanın inkişaf etmiş tibb sənayesinin öyrənilməsi, daxili bazarın araşdırılması, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlərlə tanışlıq və gələcəkdə Koreya-Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri olub.
Vebinarda Koreya Respublikasının Azərbaycandakı səfirliyi, Koreya Səhiyyə Sənayesinin İnkişafı İnstitutu, Azərbaycan Respublikasının Koreyadakı səfirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri iştirak ediblər.
Vebinarda agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış edərək, Koreya və Azərbaycan arasındakı əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. O vətəndaşların sağlamlığının ölkənin iqtisadi inkişafı üçün bir amil olduğunu vurğulayaraq, əhalinin keyfiyyətli tibbi xidmətlərlə təmin edilməsi istiqamətində agentlik tərəfindən görülən tədbirlər barədə məlumat verərək deyib ki, səhiyyə sahəsində əməkdaşlıq görülən tədbirlərə öz töhfəsini verəcək.
Görüşdə agentliyin nümayəndəsi tərəfindən “Azərbaycanda icbari tibbi sığortanın tətbiqi” mövzusunda təqdimat keçirilib.
Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op çıxışı zamanı tibb sənayesi sahəsində qarşılıqlı əməkdaşlığın inkişafa yol açacağını bildirib. Koreya Səhiyyə Sənayesinin İnkişafı İnstitutunun mütəxəssisi Yunq Soon Kyu “Koreyada əczaçılıq və bio-əczaçılıq sənayesi” mövzusunda çıxış edib.
Görüşdə tərəflər maraq doğuran məsələlər, gələcəkdə mümkün əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparıblar.

Səhiyyə 2020-09-17 18:08:00