Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Avstriya paytaxtı bir neçə ölkə tərəfindən koronavirus pandemiyası ilə əlaqədar riskli region elan edilib

Vyana, 17 sentyabr, AZƏRTAC

İsveçrənin ardınca Almaniya və Belçika da Avstriyanın paytaxtı Vyana şəhərini koronavirusa yoluxma ilə bağlı riskli regionlar siyahısına əlavə edib.
AZƏRTAC xəbər verir ki, Vyana kimi riskli regionlardan gələnlər ölkəyə daxil olarkən ya mənfi PCR testi təqdim etməli, ya da iki həftəlik ev şəraitində karantində olmalıdırlar. Sentyabrın 5-dən etibarən Vyana şəhərində hər 100 min nəfərə gündəlik 50-dən artıq yoluxma halının qeydə alınması belə bir qərarın qəbul edilməsinə səbəb olub.
Avstriyanın Xarici İşlər naziri Aleksander Şallenberq müxtəlif ölkələr tərəfindən verilən qərarı şərh edərkən qeyd edib ki, Avstriya hökumət bu kimi qərarlara diqqətlə yanaşır və bütün ölkənin deyil, yalnız yoluxma hallarının çox olduğu regionların qırmızı zona elan edilməsini müsbət hal kimi dəyərləndirir. Bu addım Avstriyada yoluxmanın az olduğu regionlardakı insanların qeyd edilən ölkələrə sərbəst gediş-gəlişinə maneə törətmir.
Vyana şəhərinin meri Mixael Ludviq Avstriya paytaxtının qırmızı zona elan edilməsində qeyri-adi nəsə axtarmamağa çağırıb. O qeyd edib ki, Avropada insanların sıx yaşadığı bir çox şəhərlərdə yoluxma halları artıb. Digər tərəfdən isə Vyana şəhərində koronavirus infeksiyasına görə testlər digər regionlarla müqayisədə daha çox aparılır və bu da yoluxma saylarının çox olması ilə nəticələnir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana 

Dünya 2020-09-17 07:02:00