Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyədə koronavirusa sutkalıq yoluxmada sürətli artım müşahidə olunur

Ankara, 17 sentyabr, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı hər gün orta hesabla yüz min test aparılır. Yeni yoluxmaların aşkarlanması əvvəlki xəstələrin müalicəsi üçün problem yaratmır. Hazırda ölkə üzrə xəstəxanalarda çarpayıların 51.6 faizi doludur.
AZƏRTAC xəbər verir ki, bu sözləri nazir Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
Peyvənd işləri, bu sahədə ayrı-ayrı ölkələrlə əməkdaşlıq, yoluxmanın vəziyyəti və səbəbləri və s. mühüm məsələlər barədə məlumat verən nazir Fahrettin Koca vurğulayıb ki, bu gün biz və dünyada virusun yayılması ilə aparılan mübarizədə əvvəllər olduğundan daha çətin bir dövrdəyik.
Qeyd edək ki, sentyabrın 16-da ölkə üzrə 112 min 645 nəfər koronavirus testindən keçirilib. Onlardan 1771 nəfər xəstə çıxıb. Sutka ərzində 1342 nəfər sağalıb, 63 xəstə dünyasını dəyişib. İndiyədək infeksiyadan ölənlərin sayı 7 min 249 nəfərə çatıb. Gündəlik yoluxma sayı dünənki ilə müqayisədə 29 nəfər çoxdur. Bu vaxtadək koronavirusa yoluxanların sayı 296 min 391 nəfərə çatıb. Hazırda 1351 xəstənin vəziyyəti ağırdır.
Türkiyədə COVID-19 infeksiyasının artım dinamikasını göstərmək üçün avqustun 21-də olan göstəriciləri təqdim edək. Həmin gün ölkə üzrə 92 min 227 nəfər testdən keçirilib. Onlardan 1203 nəfər xəstə çıxıb, gün ərzində 22 nəfər ölüb. Bugünkü göstəricilər isə təxminən bir ay əvvəlki, yəni avqustun 21 ilə müqayisədə yoluxma sayında 600 nəfər yaxın, ölüm sayında isə 3 dəfəyə qədər artım müşahidə olunur. Sentyabrın 1-də isə ölkə üzrə 827 nəfər infeksiyaya yoluxmuş, 23 nəfər ölmüşdür.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2020-09-17 05:30:00