Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanda ümumi təhsil müəssisələrinin infrastrukturu əsaslı şəkildə yenilənib və müasirləşib

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycanda aparılan uğurlu təhsil islahatları insan kapitalının formalaşmasında çox böyük sosial-iqtisadi mahiyyət daşıyır. Uzun illərin təcrübəsi göstərir ki, elm və təhsil hər bir dövlətin davamlı inkişafında mühüm rol oynayır.
Dövlət başçısı İlham Əliyevin “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət komissiyasının yaradılması haqqında” müvafiq Sərəncamı təhsildə insan kapitalının inkişaf strategiyasının konkret proqramıdır. Respublikamızda insan kapitalının formalaşması və onun səmərəli idarə olunması hər zaman dövlətimiz tərəfindən dəstəklənir. “Təhsil haqqinda” Azərbaycan Respublikasının Qanununda, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda insan kapitalının formalaşmasına xüsusi diqqət verilir. Ölkədə həyata keçirilən ardıcıl və sistemli islahatların tərkib hissəsi kimi insan kapitalının inkişaf etdirilməsi istiqamətində sistemli islahatlar aparılır, təhsilin keyfiyyətinin yüksəldilməsi, “elm-təhsil-islahat” əlaqələrinin və çevik idarəetmə mexanizminin qurulması ön plana çəkilir. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biridir.
Bunu AZƏRTAC-a müsahibəsində Bakı şəhəri 83 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova söyləyib. O bildirib ki, təhsilin inkişafında mühüm məsələlərdən biri də təhsil infrastrukturudur. Son illər “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb. Ölkə rəhbərinin diqqət və qayğısı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturu əsaslı şəkildə yenilənib və müasirləşib. Son beş ildə 500-dən, 2003-2020-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilib və əsaslı təmir edilib. Nəticədə bir milyondan çox şagirdin təlim şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. İlk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingenti olan qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib.
“2017-ci ildə ölkəmizdə 133 yeni məktəb tikilib, 14 məktəb binası isə əsaslı təmir edilib. Həmin ildə 40 rayonda 6 min yerlik 106 modul tipli məktəb quraşdırılıb. 2018-ci ildə 34 modul tipli məktəb istifadəyə verilib. 2019-2020-ci illərdə isə Bakı şəhərində 6 təhsil müəssisəsi əsaslı təmir olunub, 3 məktəb binası sökülərək yenidən tikilib, 5 məktəbin isə köhnə korpusları sökülərək yenidən tikintisi aparılıb. Azərbaycanın ən ucqar kəndlərində belə yeni məktəblərin istifadəyə verilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi dövlətimizin bu sahənin inkişafına qayğısının bariz nümunəsidir. 2020-ci ilin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekulaşdırılacaq 102 məktəb binasının şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Onlardan 29-u yeni tikilən, 13-ü əsaslı təmir olunan, 60-ı isə modul tipli məktəblərdir. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin vacib strateji istiqamətlərindən biridir. Müstəqil Azərbaycanın təhsilində islahatların bilavasitə təşəbbüskarı olan ümummilli liderimiz Heydər Əliyev, eyni zamanda, bu islahatları düşünülmüş şəkildə həyata keçirilməsini, yalnız mövcud səviyyədən yuxarı səviyyəyə qalxmasını, təhsilin səmərəliliyini artırmaq üçün müvafiq islahatların aparılmasını dəfələrlə vurğulayıb. Son illərdə bu sahədə həyata keçirilən uğurlu islahatlar təhsil işçilərinin də həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına təsir göstərib. Belə ki, müəllimlərin əməkhaqları bir neçə dəfə artırılıb. Həmçinin müəllimlər üçün ödənişsiz təkmilləşdirmə kurslarının təşkil olunması təhsilin səviyyəsinə müsbət təsir göstərib. Ölkəmizin mövcud pandemiya dövründə olmasına baxmayaraq şagirdlərin təhsildən kənarda qalmaması üçün dövlətimiz tərəfindən mühüm addımlar atılır, virtual dərslər və teledərslər təşkil edilir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir”,- deyə Almaz Bayramova bildirib.

Elm və təhsil 2020-09-16 16:35:00