Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Paytaxtın qəsəbə və yaşayış massivlərində sakinlərlə görüş keçirilib

Bakı, 16 sentyabr, AZƏRTAC

Bakı şəhərində koronavirus pandemiyasi ilə bağlı bir sıra məhdudiyyətlərin mövcudluğu şəraitində Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri gündəlik paytaxt rayonlarında olur, əraziyə baxış keçirərək aşkar edilən nöqsanların aradan qaldırılması üçün yerli icra hakimiyyətləri nümayəndələri ilə birgə tədbirlər həyata keçirirlər.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmçinin əməkdaşlar paytaxtın qəsəbə və yaşayış massivlərində karantin şəraitinin tələblərinə uyğun şəkildə əhali ilə görüşlər də keçirirlər. Görüşlərdə ərazidə mövcud olan nöqsanlar, onların aradan qaldırılması yolları, yeni işlərin görülməsi, qəsəbələrdə yeni abad həyət və məhəllələrin, parkların salınması və sair ilə bağlı məsələlər müzakirə edilir, sakinlər tərəfindən qaldırılan məsələlər qeydiyyata alınaraq onların həlli üçün müvafiq tədbirlər hazırlanır.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da son bir neçə gün ərzində paytaxtın müxtəlif qəsəbə və yaşayış massivlərində olub, oradakı vəziyyətlə maraqlanıb və sakinlərlə görüşüb.
Xəzər rayonunun Binə, Qaradağ rayonunun Lökbatan və Pirallahı rayonunun Pirallahı qəsəbələrindəki görüşlərdə vətəndaşları daha çox narahat edən məsələlərə – məişət tullantılarının daşınması, qanunsuz tikintilərin aparılması və sair məsələlərə toxunulub, müraciət və təkliflər nəzarətə götürülüb.
Vəziyyətlə yerində tanışlıqdan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mövcud karantin rejiminin qaydaları çərçivəsində Qaradağ və Xəzər rayonlarının İcra Hakimiyyəti aparatlarında RİH əməkdaşları ilə keçirdiyi görüşdə ərazidəki vəziyyət, xüsusilə qanunsuz tikintilərlə bağlı konkret faktlar göstərib, cavabdeh şəxslərə xəbərdarlıq edilib, bir ay ərzində nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib.
Eldar Əzizov bildirib ki, ölkədə Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar, korrupsiyaya qarşı tədbirlər daimidir və kampaniya xarakteri daşımır. Bakı Şəhər İcra Hakimiyyəti və onun strukturlarında nizam-intizam məsələləri daha da gücləndirilib, kadrların fəaliyyətinə və işlərə nəzarət artırılıb.

Cəmiyyət 2020-09-16 12:48:00