Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

AQTA bioloji fəallığa malik qida əlavələri ilə bağlı sahibkarlara müraciət edib

Bakı, 16 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2017-ci il noyabrın 13-də imzaladığı Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 3.0.33-20-ci yarımbəndinə əsasən, bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək agentliyin vəzifələrinə aid edilib.
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə, ölkəmizə idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı ilə müşayiət olunmalıdır. Bioloji fəallığa malik qida əlavələrinin idxalı “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 saylı Qərarına, ekspertizası isə Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başlayandan müvafiq sahədə qanunvericiliyin tələblərinə riayət olunması və istehlakçıların hüquqlarının qorunması məqsədilə davamlı olaraq bioloji fəallığa malik qida əlavələrinin idxalı sahəsində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsi istiqamətində işlər aparır və görüşlər keçirir. Lakin bəzi hallarda sahibkarlar tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu müşahidə olunur.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qanunvericiliyin tələbinə əsasən, bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatında “Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz” ifadəsi qeyd edilməlidir. Həmçinin bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir. Həmin tələblərdən irəli gələrək, BFMQƏ-nin istifadə təlimatında hər hansı xəstəliyin adı, profilaktikası və müalicəsi məqsədilə istifadə edilməsi barədə məlumat və ya bu cür təəssürat yaradan ifadələrin göstərilməsinə yol verilmir.
Eyni zamanda, bioloji fəallığa malik qida əlavələrinə dair ekspertizaya təqdim edilmiş sənədlərdə və məlumatlarda dəyişiklik baş verdikdə, ərizəçi həmin qida əlavələrinin müəyyən edilmiş tələblərə uyğun olaraq yenidən ekspertizadan keçirilməsi üçün müraciət etməlidir. “İstehsalçının adı, yerləşdiyi ölkə, ünvanı, əmtəə nişanı”nın qeyd edilməsinə dair tələbi yerinə yetirilərkən həmin məlumatlar SN AEM-nin rəyində göstərilən məlumatlarla eynilik təşkil etməlidir.
Agentlik həmin sahədə fəaliyyət göstərən sahibkarlara bir daha müraciət edərək bildirir: “Ölkəyə idxal olunan bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışı prosesləri mövcud qanunvericiliyin tələbləri çərçivəsində təmin edilməlidir. Qanunvericiliyin tələbləri pozulmaqla idxal edilmiş bioloji fəallığa malik qida əlavələrinin qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsi və satışına yol verilməyəcək”.
Ölkə əhalisinin sağlam qida ilə təmin edilməsi və bu sahədə nəzarətin təşkili, sahibkarlıq subyektlərinin bu istiqamətdə təklif etdikləri məhsul və xidmətlərin yalnız istehlakçı hüquqlarının qorunmaqla dövriyyəyə buraxılması agentliyin əsas fəaliyyət istiqamətlərindəndir. Ona görə də müraciətdə həm sahibkarlıq subyektlərini, həm də istehlakçılar bu sahədə qanunvericiliyin tələblərinə əməl etməyə dəvət olunur.

Sosial 2020-09-16 12:40:00