Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Macarıstanla əməkdaşlıq münasibətlərini genişləndirir

Bakı, 16 sentyabr, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə Macarıstan Respublikasının Azərbaycandakı səfiri Viktor Szederkenyi arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Günay Əfəndiyeva pandemiya şəraitində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk dünyası irsini beynəlxalq arenada tanıtmaq məqsədilə həyata keçirilən tədbirlərdən və gələcək planlardan söz açıb.
Günay Əfəndiyeva Macarıstanın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun müşahidəçi ölkəsi olduğunu vurğulayaraq, qarşılıqlı əməkdaşlığın, türk dünyası mədəniyyətinin daha da geniş şəkildə tanıdılması üçün birgə işlərin aparılmasının əhəmiyyətindən bəhs edib.
Viktor Szederkenyi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması, eləcə də onların həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində təşkilatın fəaliyyətini yüksək qiymətləndirib. O, Macarıstanın və türkdilli xalqların eyni tarixi köklərdən gəldiyini qeyd edərək, bu böyük və zəngin mədəni xəzinənin təbliği və araşdırılması istiqamətində görülən işlərin önəmindən danışıb.
Tərəflər, eyni zamanda, bu il qeyd olunan Budapeşt Universitetində ilk Türkologiya kafedrasının yaradılmasının 150 illik yubileyi münasibətilə həyata keçiriləcək tədbir və layihələri müzakirə ediblər.
Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və səfirlik arasında əməkdaşlıq əlaqələrinə dair fikir mübadiləsi aparılıb.

Mədəniyyət 2020-09-16 12:21:00