×
A
A
A
Sazlamalar

Bərdədə anasını və bacısını odlu silahla qətlə yetirən şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

Bakı, 14 sentyabr, AZƏRTAC

Bərdə rayonunun Alaçadırlı kənd sakinləri Nəzirə Zeynalovanın və qızı Əminə Zeynalovanın iyunun 1-də odlu silahla qəsdən öldürülmələri faktı üzrə Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla Toğrul Zeynallının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq anası Nəzirə Zeynalovanı və bacısı Əminə Zeynalovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib. İstintaqla, həmçinin Toğrul Zeynallının yaşadığı Alaçadırlı kəndi ərazisində ümumi təmiz çəkisi 166 qram olan 7 ədəd çətənə (kannabis) bitkisini əkib-becərərək kultivasiya etməsinə şübhələr üçün əsaslar müəyyən olunub.
Toğrul Zeynallı təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hadisə 2020-09-14 13:25:00