×
A
A
A
Sazlamalar

Oğuz rayonunun meşələrində 300-dən çox ağacın qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi istiqamətində mühüm işlər görülür. Lakin bəzi hallarda ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur. Prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz meşəbəyiliyinin 9, Xaçmaz meşəbəyiliyinin 9 və 11 saylı dolaylarında ağacların köküstə qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Araşdırmalarla Oğuz meşəbəyiliyinin 9 saylı dolayında 129, Xaçmaz meşəbəyiliyinin 9 saylı dolayında 5 qovaq və 11 saylı dolayında 192 ədəd qızılağac və yalanqoz cinsli ağacların məhv edilməsi nəticəsində təbiətə 24 min 688 manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması Oğuz Rayon Prokurorluğuna tapşırılıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

 

Hadisə 2020-09-14 11:29:00