×
A
A
A
Sazlamalar

Arvadını qısqanclıq zəminində qətlə yetirməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 13-də saat 10 radələrində Lənkəran rayonunun Balıqçılar qəsəbə sakini 1981-ci il təvəllüdlü Günay Abıyevanın odlu silahla qətlə yetirilmiş meyitinin yaşadığı evdə aşkarlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lənkəran Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
İstintaqla zərərçəkmişin əri, 1984-cü il təvəllüdlü Mais Abıyevin qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı ov tüfəngindən atəş açaraq Günay Abıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Mais Abıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Hadisə 2020-09-14 10:34:00