×
A
A
A
Sazlamalar

Şeyxülislam Allahşükür Paşazadə ilə Gürcüstan Patriarxı arasında telefon danışığı olub

Bakı, 10 sentyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya arasında telefon danışığı olub.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səmimi qardaşlıq şəraitində baş tutan telefon söhbəti zamanı xalqlarımız arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin səviyyəsindən razılıq ifadə olunub, son zamanlar, xüsusən də pandemiya səbəbindən gediş-gəliş imkanları məhdudlaşsa da, bunun mənəvi əlaqələrə heç bir xələl gətirmədiyi vurğulanıb.
Patriarx II İliya həzrətlərinin səhhəti ilə maraqlanan, onun üçün dualar etdiyini bildirən Şeyxülislam Allahşükür Paşazadə II İliyanın Qafqazın ağsaqqal, müdrik dini lideri olduğunu və onunla hər bir görüş, ünsiyyət imkanından şad olduğunu xüsusi vurğulayıb.
Uca Yaradanın köməyi ilə sağlamlığının qənaətbəxş olduğunu bildirən Patriarx II İliya QMİ sədrinə xeyir-dualarını bildirib, xalqlarımız, dövlətlərimiz, bölgəmiz naminə hər zaman birgə səylərini davam etdirəcəklərinə ümidvar olduğunu ifadə edib.
Prezident İlham Əliyevə, ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya dərin ehtiram və xoş arzularını çatdırmağı QMİ sədrindən xahiş edən Patriarx II İliya Azərbaycan və gürcü xalqları arasında tarixi qardaşlıq və möhkəm təməlləri olan dostluq münasibətlərinin bundan sonra da davam və inkişaf etməsi üçün səylərini və dualarını əsirgəməyəcəyini dilə gətirib. Gürcü Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin timsalında dinlərarası dialoq, bölgədə sülh və tərəqqi naminə əməkdaşlığın bütün dünya üçün örnək nümunə olduğu qürurla vurğulanıb. Dini liderlər postpandemiya dövrü üçün dinlərarası əməkdaşlıq müstəvisində əməkdaşlığa dair yeni perspektivləri, birgə layihələri müzakirə ediblər.

Din 2020-09-10 14:34:00