×
A
A
A
Sazlamalar

Əlahiddə Ümumqoşun Ordunun ön xətt bölmələri qışa tam hazırdır VİDEO

Bakı, 1 sentyabr, AZƏRTAC 

Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən və hər bir müdafiə mövqeyi alınmaz qalaya çevrilən bölmələrində müasir əsgəri-məişət kompleksləri tikilərək şəxsi heyətin istifadəsinə verilib. Yaradılan müasir şərait heç şübhəsiz ki, xalq-ordu birliyinin, dövlət qayğısının və nümunəvi xidmətin bəhrəsidir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ön xətdə xidmət edən hərbi qulluqçular daha çox sayıqlığı və peşəkar döyüşçü keyfiyyətləri ilə seçilirlər. Hər biri yenilməz Vətən müdafiəçisi olan əsgərlərimiz ayıq-sayıq döyüş növbətçiliyi aparmaqla bərabər ən çətin tapşırıqları da yerinə yetirməyə qadirdirlər.
Qartallar məkanı olan uca zirvələrdə qış daha sərt keçdiyindən birinci eşelon bölmələrimiz qışa hazırlıq tədbirləri çərçivəsində isti geyim, yanacaq, içməli su, ərzaq, eləcə də digər zəruri ehtiyatlarla qabaqcadan və ilk növbədə, tam təmin edilir. Hər bir şəraitə malik əsgəri-məişət komplekslərində isti geyim və keyfiyyətli ərzaqla təmin olunan əsgərlərimiz dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq Vətənimizin müdafiəsində peşəkar döyüşçü kimi dayanırlar.
Hərbi qulluqçulara dövlət qayğısı ordu quruculuğu işinin tərkib hissəsidir. Hər bir hərbi qulluqçu da bu diqqət və etimadı yüksək döyüş hazırlığına yiyələnməklə doğrultmağa çalışır.
Göründüyü kimi Naxçıvan Muxtar Respublikasında dövlət-ordu-xalq birliyinin möhkəm təməli yaradılıb. Bütün bunların nəticəsidir ki, dövlətin və xalqın dəstəyini üzərində hiss edən şəxsi heyətin döyüş ruhu günbəgün artır, Vətənimiz etibarlı müdafiə olunur.

Ordu 2020-09-01 12:37:00

Video