×
A
A
A
Sazlamalar

Yaponiyada iş məkanına çevrilən avtomobillər satışa çıxarılıb

Tokio, 28 avqust, AZƏRTAC

Yaponiyanın məşhur “Toyota Motor” və “Softbank” informasiya texnologiyaları şirkətləri tərəfində birgə maliyələşdirilən startap firması interyeri asanlıqla iş məkanına çevrilə bilən çoxməqsədli avtomobil hazırlayıb.
AZƏRTAC xəbər verir ki, “Monet Technologies” startap firması tərəfindən avqustun 27-də satışa çıxarılan avtomobil əsasən şirkətlər və dövlət strukturları üçün nəzərdə tutulub.
“Toyota” şirkətinin 10 yerlik yüngül yük maşını bazasında hazırlanan avtomobilin döşəməsi oturacaqları asanlıqla hərəkət etdirməyə imkan verən xüsusi istiqamətvericilərlə təmin edilib. Buraya masa əlavə etməklə asanlıqla əlverişli iş məkanı yaratmaq olar.
“Monet Technologies” firmasından verilən məlumata görə, avtomobil dövlət müəssisələri və şirkətlər tərəfindən mobil ofis və ya xidməti piştaxta kimi istifadə edilə bilər.
Gələcəkdə həmin avtomobillərin onlayn-dispetçer xidmətinə qoşulması da nəzərdə tutulur.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Bu maraqlıdır 2020-08-28 08:33:00