×
A
A
A
Sazlamalar

Könül Nurullayeva: “ASAN müraciət sistemi” vətəndaşı narahat edən problemlərin həllini sürətləndirməyə hesablanıb

Bakı, 23 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan “ASAN müraciət sistemi” ilk növbədə vətəndaşı narahat edən problemlərin həllini sürətləndirməyə hesablanıb. Sərəncamın əsas məqsədi kommunal, yol və infrastruktur, abadlıq və digər məsələlərlə bağlı vətəndaş şikayətlərini aidiyyəti qurumlara yönləndirmək və onların müvafiq qanunlar çərçivəsində həllini nəzərdə tutur.
Bu fikirləri AZƏRTAC-açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputat qeyd edib ki, məhz bunun vasitəsilə aidiyyəti strukturlar hansı ərazidə problemlərin olduğunu, onların sayını və görülən tədbirlərin xəritəsini izləyə biləcəklər: “Şikayətlər operativ surətdə dövlət qurumlarına göndəriləcək. Nəticə etibarı ilə məhz bu platforma sayəsində ikitərəfli nəzarət sistemi qurulacaq. Bu da sosial problemlərə vaxtında və operativ müdaxilə sayəsində çevik tədbirlər görməyə imkan yaradacaq. Burada innovativ yeniliklərin tətbiqi sayəsində vətəndaş vaxta qənaət etmiş olacaq, eyni zamanda, aidiyyəti dövlət qurumları öz fəaliyyətlərini müvafiq problemlərin həll edilməsi istiqamətində səfərbər edəcəklər. Qeyd edim ki, bu cür müraciətlər intensiv şəkildə Deputat Qərargahlarına da daxil olur. Hazırda isə şikayətlər vahid mərkəzdən idarə olunmaqla həll prosesini sürətləndirəcək”.
Vətəndaş cəmiyyətinin sosial məsələlərin həllində iştirakının olduqca vacib olduğunu diqqətə çatdıran K.Nurullayevanın sözlərinə görə, bəzi hallarda vətəndaşların müraciətlərinə baxılmır və ya proses heç bir əsas olmadan uzadılır. Eyni zamanda, bəzi dövlət qurumlarında bürokratik əngəllər vətəndaşların haqlı narazılığına səbəb olur.
Deputat qeyd edib ki, bu mənada yeni yaradılan platforma dövlət qurumlarının məsuliyyətini artırmaqla yanaşı, sağlam rəqabət mühiti də formalaşdıracaq. Nəticədə həm vətəndaş onu narahat edən problemlərin həllinə nail olacaq, həm də dövlət qurumları öz fəaliyyətlərinin səmərəliliyini artıracaq.

Daxili siyasət 2020-08-23 11:44:00