×
A
A
A
Sazlamalar

Din xadimləri ilə videokonfrans formatında görüş keçirilib

Bakı, 21 avqust, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüş keçirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin və yerlərdəki nümayəndələrinin qatıldığı videogörüşdə QMİ-nin paytaxt və bölgələrdəki qazı və səlahiyyətli nümayəndələri iştirak ediblər.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə Vətən uğrunda şəhidlərimizin xatirəsini ehtiramla anıb və Məhərrəm ayının başlanması ilə bağlı məlumat verib. İlk növbədə, bildirib ki, müstəqillik dönəmində məscidlərimizin sayının 17-dən iki minə qədər artmasına, dini-mənəvi dəyərlərimizin inkişafı üçün dövlətimiz tərəfindən görülən böyük işlərə hər kəs şahiddir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Aşura günündə Təzəpir məscidinə gələrək dindarlar qarşısında unudulmaz çıxışını, Bibiheybət məscidinin təməlqoyma mərasimindəki tarixi əhəmiyyətli nitqini xatırladan QMİ sədri bu ali mənəviyyat yolunu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin milli-dini dəyərlərimizin inkişafı üçün böyük işlər gördüyünü minnətdarlıqla vurğulayıb. Dini irsə qayğı ilə yanaşan dövlətimizin bu sahəyə diqqət və qayğısı şəraitində hazırda dünyada təlatümlər yaradan koronavirus səbəbindən məscid və ziyarətgahlarımızın qapalı olmasından təəssüfünü ifadə edən Şeyxülislam Allahşükür Paşazadə bu il dünyanın bütün nöqtələrində müxtəlif dinlərin müqəddəs bayram və önəmli ayinlərinin məcburi təcrid tədbirləri səbəbindən fərqli, kütləvi mərasimlər olmadan qeyd edildiyini xatırladıb. Xəstəliyin səngimədiyini və dünyanın müxtəlif ölkələrində yenidən artma meyilini vurğulayan QMİ sədri Azərbaycan dövlətinin misilsiz səyləri ilə ölkəmizdə vəziyyətin nəzarətdə saxlanılmasını, yoluxma sayının azalmasının müşahidə olunmasını müsbət hal kimi dəyərləndirib.
Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinin ölkəmizdə karantin elan olunan ilk günlərdən Nazirlər Kabineti yanında Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrdən sonra zəruri tövsiyələr nəzərə alınaraq, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar verilib.
QMİ sədri vurğulayıb ki, pandemiya dövrünün məcburi təcrid tədbirləri virus təhlükəsinin qapalı və açıq məkanlarda insanların sıx toplaşdığı şəraitdə artması ilə əlaqədardır. Bu il İslamın vacib şərtlərindən biri olan müqəddəs Həcc ziyarətinin, habelə digər müqəddəs ayin və mərasimlərin müvəqqəti dayandırılması artıq dövrümüzün gerçəkliyidir. Aşura kimi, ənənəvi olaraq, böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan mərasim insanların virusa yoluxma sayının artma ehtimalı baxımından böyük təhlükə yarada bilər. Bu gerçəkliyi nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri dindarlara müraciət edərək, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını nəzərə alaraq, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməyəcəyini bəyan edir. QMİ sədri xüsusi vurğulayıb ki, hökumət dini mərasimlərin keçirilməsinə qarşı deyil, dindarların sağlamlığını qorumaq məqsədilə bu addımı atır.
İclasda müraciətin mətni oxunub.
Şeyxülislam Allahşükür Paşazadə xüsusi vurğulayıb ki, Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məramı ilə bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasıdır. Bu məramın bəzən bilərəkdən təhrif olunması cəhdlərinin yolverilməz olduğunu bildirən QMİ sədri bu yanaşmada bəzi qüvvələrin dövlətlə dindarları qarşı-qarşıya qoyma məkrinin olduğunu istisna etməyib. O bildirib ki, dindarlar hər zaman dövlətin yanındadırlar və onun zəruri qərarlarını anlayış və hörmətlə qarşılayırlar. QMİ sədri dövlətin dinimizə qayğı və diqqətlə yanaşmasından razı olan din xadimlərimizin ölkəmizdəki məzhəblərarası harmoniya mühitinin qorunub saxlanılması, kənar qüvvələrin daxili sabitliyimizi hədəf alan, dini mühitimizə yönəlik məkrli addımlarının qarşısının alınması üçün əllərindən gələni əsirgəmədiklərini vurğulayıb. Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin koordinasiyalı fəaliyyətinin bu baxımdan xüsusi önəm kəsb etdiyini vurğulayıb və belə bir əməkdaşlıq nümunəsinin mövcudluğuna görə Komitənin rəhbəri Mübariz Qurbanlıya minnətdarlığını bildirib. Dövlət qurumunun geniş heyətlə videogörüşə qatılması formatında keçirilməsini belə bir nümunəvi əməkdaşlığın göstəricisi kimi dəyərləndirən QMİ sədri dövlət-din münasibətlərinin səviyyəsindən razılığını ifadə edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, pandemiyanın qarşısının alınması, onun doğurduğu sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətində Azərbaycan dövləti tərəfindən çevik və məqsədyönlü siyasət aparılır, virusa qarşı mübarizənin ilkin mərhələsindən başlayaraq qabaqlayıcı addımlar atılır, yoluxucu xəstəliklə bağlı vəziyyət nəzarət altında saxlanılır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sağlamlığı, maddi və mənəvi cəhətdən dəstəklənməsi dayanır.
Pandemiyanın ölkəmizin iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər görüldüyü kimi, dövlətimiz dini sahəyə də diqqət və qayğısını əsirgəmir. Komitə sədri vurğulayıb ki, pandemiya dövründə dini qurumlara dövlət qayğısı və dəstəyi davam etdirilib, 2020-ci il iyunun 2-də Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalayıb. Həmçinin hər zaman olduğu kimi, pandemiya dövründə də dövlətimiz dini ibadət ocaqlarının, ziyarətgahların təmir və bərpa olunması istiqamətində fəaliyyətini dayandırmayıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva “Pirsaat Baba” ziyarətgahının yenidən qurulması və “Pir Ömər Sultan” ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olmaq üçün Şamaxıda olublar. Bütün bunlar dövlətimizin dinimizə və mənəvi dəyərlərimizə olan həssas münasibətinin göstəricisidir.
Dünyanı təhdid edən COVID-19 bəlası ilə mübarizədə dövlət və din xadimlərinin bir araya gələrək qüvvələrini səfərbər etmələrində fayda olduğunu xatırladan Mübariz Qurbanlı pandemiya səbəbindən məscid və ziyarətgahların müvəqqəti bağlı olduğu dövrdə din xadimlərinin fəaliyyətindən razılığını bildirib. Komitə sədri vurğulayıb ki, din xadimlərinin insanlara mənəvi dəstəyi, müqəddəs dinimizin aşıladığı yüksək dəyərləri videomoizələrində, onlayn xütbələrində təlqin etmələri, mürəkkəb şəraitdə dini vacibatları yerinə yetirmələri cəmiyyət tərəfindən minnətdarlıqla qarşılanır.
Dövlət Komitəsinin sədri pandemiyanın tezliklə bitməsini arzulayıb və əmin olduğunu bildirib ki, insanlarımız dini məkanlarda yenidən bir araya gələcəklər. QMİ-də pandemiyanın başlanğıc dövründə keçirilmiş toplantıda bütün zəruri tövsiyələrin açıqlandığını bildirən M.Qurbanlı bunun müsbət nəticəsini verdiyini diqqətə çatdırıb və budəfəki iclasda QMİ-nin Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin dindarlara Məhərrəm ayı ilə bağlı müraciətini də müsbət dəyərləndirib. Azərbaycan dövlətinin vətəndaşların sağlamlığının qorunması məqsədilə atdığı addımlarını yüksək qiymətləndirən M.Qurbanlı din xadimlərinin bu işə dəstəyini vacib sayıb, moizə və çıxışlarında bu məqamların vurğulanmasının böyük önəm kəsb etdiyini xüsusi vurğulayıb. Komitə sədri Azərbaycanın unikal dinlərarası və məzhəblərarası tolerantlıq məkanı olduğunu və dövlət-din münasibətlərinin yüksək səviyyəsini fəxrlə qeyd edib. O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mərkəzdə və yerlərdə eyni mərama xidmət edirlər. Bizim üçün müstəqil dövlətçilik mənafeləri, milli maraq, mənəvi dəyərlərimiz vacibdir və bu istiqamətdə hər zaman birgə fəaliyyət, faydalı əməkdaşlıq əzmindəyik. M.Qurbanlı Dövlət Komitəsinin televiziya kanallarında din xadimlərinin insanların mənəvi ehtiyac duyduğu çıxışlarına imkan və mütəmadi qaydada şərait yaradılması məsələsini diqqətdə saxladıqlarını bildirib.
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin moderatorluğu ilə davam edən videoiclasda Naxçıvan Muxtar Respublikası üzrə qazı Sahib Məmmədov, Sumqayıt şəhəri üzrə qazı Rauf Sərdarov, Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndə Tahir Abbasov, Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndə Şahin Həsənli, cənub bölgəsi üzrə qazı Qəni Axundzadə, Quba bölgəsi üzrə qazı Naib Səttarov, Yeni Günəşli Fatimeyi-Zəhra məscidinin imamı İlqar Abdullayev, Xəzər rayonu üzrə qazı Soltan Əlizadə, İçərişəhər üzrə səlahiyyətli nümayəndə Surxay Məmmədov, Bərdə rayonu üzrə qazı Ramazan Hüseynov, Masallı Cümə məscidinin imamı Məftun Hüseynov, İmişli rayonu üzrə səlahiyyətli nümayəndə Adığözəl Bəşirov çıxış ediblər.
Çıxışlarda din xadimləri öz fəaliyyətlərini QMİ-nin tövsiyə və tapşırıqlarına uyğun olaraq həyata keçirdiklərini və dövlətimizin pandemiyanın qarşısının alınmasına yönəlik addımlarını dəstəklədiklərini bildiriblər. Prosesdə rastlaşdıqları çətinlikləri sadalayan, bununla belə yerlərdə səlahiyyətləri çərçivəsində dini-mənəvi borclarını yüksək səviyyədə yerinə yetirdiklərini diqqətə çatdırıblar. Din xadimləri Uca Allahın köməyi ilə və dövlətimizin gördüyü tədbirlər sayəsində tezliklə virus təhlükəsinin sovuşacağına ümidvar olduqlarını bildiriblər. Öz təkliflərini səsləndirən din xadimləri Məhərrəm ayının həssas məqamlarına xüsusi önəm verilməsinin, milli və mənəvi dəyərlərin üz-üzə qoyulmasına yol aça biləcək məsələlərin diqqətdə saxlanılmasına diqqət çəkiblər. Xüsusi vurğulayıblar ki, son illər məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir. Bildirilib ki, bu il də humanist ənənənin davam etdirilməsi, ölkəmizin Mərkəzi Qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan verilməsi təlqin olunacaqdır.
Videoiclasın sonunda şəhidlərin ruhları üçün Qurandan ayələr oxunub, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev dualar edib.

Din 2020-08-21 14:24:00